Renat Dadaşov Almaniyanın təklifini rədd edib, Azərbaycanı seçdi

FİFA AFFA-nın Renat Dadaşovla bağlı müraciətini müsbət cavablandırıb.
Abzas.net xəbər verir ki, əslən azərbaycanlı olan, hazırda Almaniyada çıxış edən futbolçu Renat Dadaşov AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmiş, bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq  Almaniya Futbol İttifaqı  bildirmişdi ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.
AFFA onun müvafiq qaydalara uyğun olaraq  Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FİFA-ya müraciət ünvanlamışdı. Artıq FİFA müraciəti cavablandırıb.
FİFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Renat Dadaşovun FİFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.
Qeyd edək ki, R.Dadaşov əvvəllər ölkəmizin U-15 yığmalarında çıxış edib. Sonra yaşadığı Almaniyanın U-15,  U-16 və U-17-nin formasını geyinib. Bundestimin aparıcı futbolçusuna çevrilən R.Dadaşov Azərbaycanda keçirilən Avropa çempionatının final mərhələsində də oynayıb. Komandasının “9 nömrə”si bu yarışda 3 qol vurub.
O, bir neçə gün əvvəl Frankfurtun “Ayntraxt” klubu ilə müqavilə imzalayıb. Futboluçumuz klubun U-19 komandasında oynayacaq.