Siyasi mühacirlər AŞPA-nı korrupsiya faktını araşdırmağa çağırıb

Yanvarın 23-də Azərbaycandan olan siyasi mühacirlər Avropa Şurasının binası qarşısında korrupsiya faktının araşdırılması və Azərbaycanda siyasi məhbusların azad edilməsi tələbi ilə piket keçirib. Aksiya Reportyorların Azadlıq və Təhlükəsizliyi  İnstiutunin  (RATİ) təşkilatçılığı ilə keçirilib.
RATİ-nin həmtəsisçisi, aksiyanın iştirakçısı Emin Hüseynov Turan-a bildirib ki, aksiya zamanı  Azərbaycanın 58 vətəndaş cəmiyyəti  nümayəndəsinin AŞPA deputalarına ünvanladığı müraciətin 300 nüsxəsi onlara çatdırılıb.
Müraciətdə Avropa Təhlükəsizlik Təşəbbüsü tərəfindən hazırlanmış hesabatda yer alan və  İtaliyanın Milan prokurorluğunun istintaqını apardığı  AŞPA-nin keçmiş vitse-prezidenti Luka Volonte ilə bağlı korrupsiya faktının araşdırılması istənilir.
Hesabatda Azərbaycanın xeyrinə səs verməsi üçün AŞPA-nin bir sıra deputalarının rüşvətlə ələ alınması əksini tapıb .
Hüseynovun sözlərinə görə, Azərbaycan QHT fəallarının müraciəti Avropa Şurası Parlament Assambleyasının siyasi qruplarında müzakirə  ediləcək.