Taleh Bağırovun tərəfdarı Əhsən Nuruzadə hələ də tapılmayıb

“’Müsəlman Birliyi’ Hərəkatının lideri Taleh Bağırovun fəal tərəfdarı Əhsən Nuruzadənin axtarışı davam edir. Yanvarın 26-sı və 27-si çoxsaylı polis idarələrinə, bölmələrinə, müvəqqəti saxlama yerlərinə müraciət etmişəm. Hələ, hər hansı cavab yoxdur”.
Bu sözləri vəkil Yalçın İmanov deyib.
Vəkilin sözlərinə görə, Əhsən Nuruzadə yanvarın 24-də saat 17 radələrində evdən siqaret almağa çıxıb və geri qayıtmayıb.
“Azadlıq Radiosu” xəbər verir ki, vəkil Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə məlumat verdiyini deyib. “Oradan Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə itkin düşmüş şəxs kimi məlumat verməyimi məsləhət bildilər”, deyə o qeyd edib.
Vəkil Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də müraciət edib.
“Bu idarədən hər hansı məlumat ala bilmədim. Bu gün isə Ombudsman Aparatına və Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etmişəm”.
Vəkilin sözlərinə görə, yanvarın 26-dək Ə. Nuruzadənin mobil telefonu işlək olub.
“Onun mobil telefonuna zəng çatırdı. Amma zəngə cavab verilmirdi. WhatsApp vasitəsi ilə ona mesajlar yazırdım. Mesajların oxunduğu görünürdü, ancaq cavab verilmirdi. Dünəndən mobil telefonu da söndürülüb”, deyə İmanov bildirib.
Vəkil güman edir ki, Ə. Nuruzadəni polis saxlayıb.
“Yəqin ki, ona hansısa etrirafedici ifadəyə imza atdırmaq istəyirlər”, deyə İmanov deyib.
“Nardaran işi” ilə bağlı çıxarılan məhkəmə hökmdən bir gün öncə, yanvarın 24-ü Taleh Bağırovun tərəfdarlarından, yazar Rövşən Məmmədli 30 gün inzibati həbs cəzası almışdı. Bundan başqa daha bir dini fəal, Maştağa qəsəbəsinin sakini Təbriz Sibili də 30 gün müddətinə həbs olunub.
Əvvəlki məqaləDeputat: “Anar Həsənovun işdən çıxarılması bütün jurnalistlərə dərs oldu”
Növbəti məqalədəAŞPA komitəsi korrupsiya faktlarının araşdırılması üçün kəşfiyyat orqanı yaratmağa çağırıb