“Tibbi sığorta haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanıb

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi sığorta haqqında” qanuna dəyişikliklərin edilməsi ilə bağlı təkliflərini yaxın müddətdə müvafiq qurumlara təqdim edəcək.
Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Agentliyin direktoru Zaur Əliyev deyib.
Agentlik direktoru əlavə edib ki, 1999-cu ildə “Tibbi sığorta haqqında” qanun qəbul olunub:
“Amma həmin qanuna bir sıra dəyişikliklərin edilməsinə ehtiyac var. Bununla bağlı təkliflərimizi hazırlamışıq və yaxın müddətdə müvafiq qurumlara təqdim edəcəyik. Qanunda sığorta haqları, onun yığılma qaydaları və digər məsələlər öz əksini tapmalıdır”.
Z.Əliyev bildirib ki, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi məsələsi pilot layihənin icrasından asılı olacaq:
“Əgər bir il ərzində pilot layihənin icrası zamanı problemlər ortaya çıxmasa, onda 2018-ci ilin əvvəlindən ölkə üzrə icbari tibb sığortanın mərhələli şəkildə tətbiqinə başlaya bilərik. Amma hansısa dəyişikliklərə ehtiyac olacaqsa, bu məsələ müəyyən qədər vaxt apara bilər. Bu halda belə biz 2018-ci ilin əvvəlindən ölkənin bir çox ərazisində icbari tibbi sığortanı tətbiq etməyi düşünürük”.
Əvvəlki məqalə“Bakı Fond Birjası” 5 investisiya şirkətini üzvlükdən çıxarıb
Növbəti məqalədəBMT İsrailin Qərb Sahilində 2500 ev tikmək planlarını qınayır