V.Əhmədov: “Uşağa və qadına zor tətbiq edən iş icraçıları cəzalandırılmalıdır”

Arxiv
“Məni narahat edən Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə zor tətbiq edilməsidir. Uşağa və qadına zor tətbiq edən iş icraçıları cəzalandırılmalıdır. Bu gün bunu edənlər cəzalarını almasalar, sabah bu hadisə başqa regionlarda təkrarlana bilər”.
Bunu AzadlıqRadiosuna deputat Vahid Əhmədov bildirib.
Deputat deyib ki, məsələ ilə bağlı, aidiyyatı olan bütün qurumlarla əlaqə saxlayıb. V.Əhmədov hadisənin mahiyyətinə də toxunub:
“N.Bayramzadənin anası neçə illərdir rəhmətə gedib. Uşağı xalası saxlayıb, böyüdüb. İndi atası çıxıb ortaya ki, uşağı aparıram, uşaq da ata ilə getmək istəmir, xalası ilə qalmaq istəyir. Ortada uşağın atasına verilməsi barədə məhkəmə qərarı var. Hazırda baş verənlər də bundan qaynaqlanıb”.
Buna da baxın: 10 yaşlı Nurayın başına gələn hadisənin detalları [Tərəflər-sənədlər-video] 
V.Əhmədov Quba Rayon Məhkəməsinin sədrinə istinadən deyir ki, sədr tərəfləri barışdırmaq istəsə də bu alınmayıb. O zaman hüququn tələbindən irəli gələrək uşağın atasına verilməsi qərarı çıxarıb. N.Bayramzadənin xalası uşağı yanında saxlaya bilmək üçün Apelyasiya, kassasiya şikayəti versə də birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıb.
V.Əhmədov 10 yaşlı uşağın atası ilə getmək istəməməsi, xalası ilə qalmasını bildirməsinə baxmayaraq, uşağın xalasına və özünə zor tətbiq edilməsini yolverilməz sayır:
“Bu yolverilməzdir, hər işin bir üsulu var. Mən məhkəmənin qərarının düzgün olub-olmamasına toxunmuram. Amma icraçıların zora əl atmaları heç nəyə sığımır. Bu haqda ədliyyə nazirlinin müavinilə də danışdım. Mənə dedilər ki, məsələni bilirlər və tədbirlər görüləcək”.
Yanvarın 6-dan sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsiylə bağlı görüntülər yayılıb. Həmin görüntülərdə atasının və məhkəmə icraçılarının uşağa zorakılıq göstərdiyi əks olunub.