“Əvvəlki iş yoxdur, insanlar hətta şəkil çəkdirməyə də qənaət edir. Pul ancaq dolanşığa çatır”, 14 ilə yaxındır fərdi fotoqrafiya ximəti ilə məşğul olan Adil Çələbiyev deyir.
O, yanvarın birindən başlayaraq vergi məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində fərdi foto, audio-video xidmətləri göstərən şəxslərin ödəyəcəyi sadələşdirilmiş verginin məbləğindən narazıdır. Dəyişikliyə görə, Adil hər ay qazancından asılı olmayaraq 60 AZN vergi ödəməlidir.
2017-ci il yanvarın 1-dən Azərbaycanda vergi məcəlləsində yeni dəyişikliklər qüvvəyə minib. Bu o deməkdir ki, bir sıra xırda bizneslə məşğul olanlar- yəni toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçilər, nəqqaşlıq emalatxanalarında çalışanlar da vergiyə cəlb ediləcək.
BBC Azərbaycancaya danışan yuxarıda göstərilmiş peşə sahiblərindən bir neçəsi dəyişikliyə etiraz etməsə də, digərləri ödəniləcək vergi məbləğindən razı deyil.
Kim nə qədər ödəyəcək?
Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliyə görə, xırda biznes sahibləri yeni ildən sadələşdirilmiş vergini sabit məbləğdə ödəyəcək.
Bu məbləğ müxtəlif peşə sahibləri üçün fərqlidir.
-
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – 30AZN
-
Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət – 30 AZN
-
Çəkməçi, pinəçi – 5 AZN
-
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmirçisi – 10 AZN
-
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlərlə məşğul olanlar – 10 AZN
-
Nəqqaşlıq emalatxanalarının fəaliyyəti ilə məşğul olanlar – 20 AZN