“Quş qripi” ilə bağlı monitorinqə start verilib

Bu gündən köçəri quşların yaz miqrasiyasının başlanması nəzərə alınaraq növbəti monitorinqə start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən Abzas.net-ə verilən məlumata görə, fevralın 13-də köçəri quşların yaz miqrasiyasının başlanmasını nəzərə alaraq növbəti monitorinq keçirilir.
Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında DBNX-nın, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.
Nəzarət tədbiri köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli qoruq və parklarda, ölkənin dəniz sahili zonalarında və digər ərazilərində həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.
Ölkə ərazisində köçəri və ev quşları arasında aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyət üçün açıqlanacaq.
DBNX bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.