ABŞ-ın müdafiə naziri: “Rusiya öz öhdəliklərini yerinə yetirməlidir”

“NATO üçün əsas təhdidlər Rusiyanın aqressiv fəaliyyətləri və terrorizmdir”.
APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın müdafiə naziri Ceyms Mettis Brüsseldə NATO müdafiə nazirlərinin toplantısının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
General Mettis bildirib ki, Rusiya ABŞ və NATO ilə əməkdaşlığın bərpası üçün beynəlxalq normalara uyğun yaşamalıdır. O, hələlik Pentaqonun Rusiya ilə hərbi əməkdaşlığa hazır olmadığını, yalnız siyasi əməkdaşlığın mümkünlüyünü vurğulayıb: “ABŞ hazırda Rusiya ilə hərbi səviyyədə əməkdaşlıq edəcək durumda deyil. Biz yalnız siyasi səviyyədə qarşılıqlı fəaliyyətlə məşğul ola bilərik”.
C. Mettis qeyd edib ki, əvvəlcə ABŞ və Rusiya liderləri dialoqun yaranması üçün qarşılıqlı fəaliyyət göstərəcəklər: “Bizim siyasi liderlərimiz ümumi mövqe və irəliyə doğru yol axtarmağa cəhd göstərəcəklər və buna əsasən Rusiya öz öhdəliklərini yerinə yetirərək NATO ilə əməkdaşlığa qayıda bilər. Mən hesab edirəm ki, Rusiya bütün yetkin ölkələrin etməli olduğu kimi, beynəlxalq normalara uyğun yaşamalıdır. Mənim heç bir şübhəm yoxdur ki, Rusiya bir sıra ölkələrdə seçkilərə müdaxilə edib və ya etməyə cəhd göstərib”.
Yeni Pentaqon rəhbəri ABŞ-ın NATO qarşısındakı bütün öhdəliklərinə bağlılığını təsdiq etdiyini söyləyib. Onun sözlərinə görə, hərbi xərclərin artırılması barədə Vaşinqtonun çağırışı bütün üzv ölkələr tərəfindən yaxşı qarşılanıb: “Artıq Estoniya, Yunanıstan və Britaniya hərbi xərcləri Ümumi Daxili Məhsulun 2 faizi həddinə çatdırıblar. Bu üç ölkə ittifaq üçün örnək təşkil edə bilər”.