Avropa ABŞ-la münasibətlərdə “Londonun araçılığını” rədd edib

Maltada sammit keçirən Avropa İttifaqı liderləri Aralıq dənizi üstündən gələn miqrant axının buxovlanması üçün yeni addımları müzakirə ediblər.
AzadlıqRadiosu-nun xəbərinə görə, bu sammitdə habelə Britaniyanın ittifaqı tərk etməsinin ardınca strateji birliyin qorunub saxlanması məsələləri müzakirə olunub.
Aİ-nin 27 üzvü miqrant axının əngəllənməsi məqsədilə Liviya hökumətinə dəstək nəzərdə tutan planı qəbul edib.
Bu layihəyə Liviya sahil keşikçilərinin təlimləndirilməsi, texniki təchizatı və maliyyə dəstəyi daxildir.
Layihədə həmçinin geri qayıtmaq istəyən miqrantlar üçün Liviyada yaşayış şəraitinin yaradılması yolları da nəzərdə tutulur.
Avropa İttifaqının liderləri miqrantlarla bağlı məsələləri həll edərkən insan haqlarına hörməti və beynəlxalq qanunları rəhbər tutacaqlarını bir daha təsdiqləyiblər.
Merkellə May-in arası dəyib?
Britaniyanın baş naziri Theresa May sammitdəkilərə özünün ABŞ prezidenti Donald Trump-la danışıqları barədə məlumat verib.
“The Guardian” yazır ki, xanım May başqa Avropa liderlərini Birləşmiş Ştatlarla “səbir və konstruktivliklə işləməyə” çağırıb.
Qəzet bununla yanaşı yazır ki, Avropa liderləri xanım May-in Avropa ilə ABŞ arasında vasitəçiliyini rədd ediblər.
“The Guardian” yazır ki, məhz bundan sonra May və Merkel arasında planlaşdırılan görüş ləğv olunub. Rəsmi London bunun baş nazirin vasitəçilik təşəbbüsünün rədd edilməsinə cavab olduğunu danıb.
Britaniya hökuməti bildirib ki, xanım May Merkellə “nəyi lazımdırsa, ayaqüstü müzakirə edib”.
Avropa Trump-dan narazıdır
Bundan əvvəl, yanvarın 31-də Avropa Şurasının prezidenti Donald Tusk Donald Trump-ın “narahatedici bəyanatlarından” söz açmışdı.
O demişdi ki, Avropa İttifaqı həm də getdikcə aqressivləşən Çin və Rusiyanın hərəkətlərindən, Yaxın Şərq və Şimali Afrikada radikal İslamın oynadığı roldan narahatdır.
Maltada “Trump təhlükəsindən qorxurmurmu” sualına Tusk “yox qorxmuram, amma vəziyyətə aydınlıq gətirilməsinə ehtiyac görürüəm” cavabını verib.
Bu sammitdə Fransa prezidenti Francois Hollande da Trump-ın Avropa İttifaqına təzyiqini tənqid edib. Donald Trump Avropa İttifaqının dağılacağı barədə proqnoz verib.
Almaniya kansleri Angela Merkel isə deyib ki, Avropa İttifaqının ABŞ-ın yeni administrasiyası ilə münasibətlərində ən yaxşı yol ittifaqın öz planlarına uyğun hərəkətini davam etdirməsidir.
“Mən artıq demişəm ki, Avropanın taleyi onun öz əlindədir” – deyə bir daha təkrar edib Merkel.
Sammitdə Trump-ın mühacirətə qoyduğu qadağan pislənib və Avstriya kansleriChristian Kern deyib ki, miqrant probleminin yaranmasına məhz ABŞ-ın siyasəti “töhfə” verib.
Bu sammitdə Trump-ı müdafiə edən də tapılıb. Macarıstanın baş naziri Viktor Orban deyib ki, Aİ Trump-ı tənqid etməkdənsə, öz problemləri ilə məşğul olmalıdır.
Yeri gəlmişkən, Orban Rusiya ilə yaxınlaşmağın tərəfdarıdır.