Azərbaycan Rusiyadan “halal” ət idxal edəcək

Rusiyanın iri hinduşka istehsalçısı olan “Evrodon” şirkətlər qrupu Özbəkistan, Azərbaycan və Qırğızıstana halal məhsulların (Müsəlman qanunlarına uyğun) tədarükünə dair razlıq əldə edib.
Bu barədə şirkət nümayəndəsinə istinadən RİA Novosti məlumat yayıb.
“Prodekspo-2017” sərgisinə yekun vuran şirkət nümayəndəsi bildirib ki, həm soyudulmuş, həm də emal edilmiş “halal” məhsullar Azərbaycan, Özbəkistan, Qırğızıstan kimi ölkələrin bazarlarında işləyən ixracatçılarla danışıqlar və tərəfdaşlıq münasibətləri barədəki razılaşmaların mövzusu olub.
Görəsən, Azərbaycanda bu sahəni inkişaf etdirmək mümkün deyilmi? Hazırkı şəraitdə qeyri-neft sektorunun inkişafının nə qədər vacib olduğu günün aktual məsələlərindəndir. Bu barədə uzun illərdir ki, yazılır və deyilir. Fəqət, ölkənin özünün ət məhsullarına olan tələbatının əksər hissəsinin idxal vasitəsilə ödənilməsi bu sahədə durumun qənaətbəxş olmadığını deyir.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov Azərbaycanın özünün halal hinduşqa əti istehsalını mümkün hesab edir. Lakin ekspert bunun üçün xeyli işlər görülməli olduğunu da diqqətə çatdırır. Çünki hazırda ölkədə bu sahənin inkişafı üçün real şərait yoxdur:
“Birincisi, bu istiqamətdə seleksiya, genetika işləri təşkil olunmalıdır. Həmçinin, rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün istehsal vasitələrinin, xüsusən, yemin ölkə daxilində istehsalına nail olmaq lazımdır. Digər tərəfdən, təlabat, bazar öyrənilməli və buna uyğun olaraq işlər təşkil olunmalıdır”.