Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi vətəndaşlara müraciət edib.
Müraciətdə bildirilib ki, son zamanlar Rusiyada müxtəlif yerlərdə (ticarət obyektləri, hava limanları, dəmir yol və avtobus vağzalları, soydaşlarımızın daha çox məskunlaşdığı ərazilər və s.) mənsubiyyəti bəlli olmayan şəxslər tərəfindən nağd pul müqabilində müxtəlif sənədlərin (şəhadətnamə, arayış və s.) hazırlanıb-verilməsi üzrə xidmətlərin təklif olunması qeydə alınır.
“Bunu təklif edən şəxslər fırıldaqçılardır və onlar insanların etimadından sui-istifadə edirlər. Onların vətəndaşlara verdiyi sənədlər isə saxtadır. Belə sənədlərdən istifadə edilməsi vətəndaşlar üçün ciddi problemlər yarada bilər.
Bununla əlaqədar səfirlik təkrar bəyan edir ki, hər hansı arayış, şəhadətnamənin alınması, rəsmi sorğunun edilməsi və s. məqsədlərlə, yalnız Səfirliyə və Baş Konsulluqlara müraciət edib, orada verilən ərizə-anketlərin doldurulması və alınan qəbzlərin bankda ödənilməsi yolu qanuna uyğun hərəkət etmək lazımdır”, deyə müraciətdə qeyd edilir.