Bağlanan 10 bankın əmanətçilərinə 725,525 mln. manat kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan Abzas.net-ə verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 725,525 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,175 mln. manat, “Zaminbank” ASC – 54,356 mln. manat, “Kredobank” ASC – 27,771 mln. manat, “Dekabank” ASC – 3,086 mln. manat, “Atrabank” ASC – 14,28 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC – 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC – 24,161 mln. manat, “Gəncəbank” ASC – 976 min manat, “Texnikabank” ASC – 120,433 mln. manat, “Bank Standard” QSC-nin qorunan əmanətçiləri isə 435,313 mln. manat kompensasiya alıblar.
Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Bank of Azerbaijan”ın əmanətçilərinə 24 mln. 161 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək “Gəncəbank”ın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i) kompensasiya ödənilib.
Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək “Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.