Baş Prokurorluq Avropa Parlamentinin deputatlarına cinayət işi açıb

“Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərə əcnəbi vətəndaşların qanunsuz səfərlərini təşkil edərək qondarma rejimi təşviq etməyə cəhd göstərir, işğal olunmuş ərazilərin maddi-mədəni irsini və təbii sərvətlərini talan edir, iqtisadi və digər qanunsuz fəaliyyətləri həyata keçirir”.
Bu barədə xarici vətəndaşların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri ilə bağlı Baş Prokurorluğun məlumatında bildirilib.
Abzas.net xəbər verir ki, prokurorluq sıralarında Avropa Parlamenti deputatlarının da olduğu bir qrup xarici vətəndaşa qarşı cinayət işi açıb və barələrində İnterpola sorğu göndərib:
“Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində bu kimi əməllərə cəlb etdiyi əcnəbi vətəndaşlara münasibətdə Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq zəruri hüquqi addımlar atılır”.
Açıqlamada bildirilir ki, Avropa Parlamentinin üzvləri – Lüksemburq Böyük Hersoqluğunun vətəndaşı Frank Engel, Kipr Respublikasının vətəndaşı Eleni Teoxarus və  Çex Respublikasının vətəndaşı Yaromir Ştetina “Dağlıq Qarabağ Respublikası” adı altında yaradılmış qondarma rejiminin referendumunda iştirak edib, Azərbaycanın mühafizə olunan dövlət sərhədini dəfələrlə nəzarət-buraxılış məntəqələrindən kənardan keçiblər.
20 fevralda separatçı “Dağlıq Qarabağ Respublikası”nda konstitusiya referendumu keçirilib. Azərbaycan bunu Ermənistanın təxribatı və Qarabağ münaqişəsi ilə bağlı danışıqların pozulması kimi dəyərləndirib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.