Belçikada terror şübhəlisi 11 nəfər sərbəst buraxılıb

Belçikada cihadçı qrupları hədəfləyən “terrorla mübarizə” əməliyyatlarında nəzarətə alınan 11 nəfər sərbəst buraxılıb.
Çərşənbə axşamı Brüsseldə Molenbeek-in də aralarında olduğu bəzi bölgələrdə reallaşan əməliyyatlarda doqquz evə basqın təşkil edilib.
“Sputnik” agentliyi xəbər verir ki, federal prokuror verdiyi açıqlamada, nəzarətə alınan hər kəsin sorğulandıqdan sonra sərbəst buraxıldığını ifadə edib. Əməliyyatlar Suriyadan geri dönən cihadçı qruplara istiqamətli kəşfiyyat nəticəsində reallaşıb. Basqınlarda silah və ya partlayıcı tapılmadığı qeyd edilib.
Əməliyyatların Brüssel və Paris hücumlarının ardından başlayan cinayət işləri ilə əlaqəsinin olmadığı ifadə edilib.
Xatırladaq ki, Belçika ötən ilin mart ayında hava limanında baş verən və 32 insanın həyatını itirdiyi terror hadisələrinin ardından ölkə daxili təhlükəsizliyi ən üst səviyyəyə çıxarmışdı.