Bloqqer Orduxan Teymurxanın ailəsi ondan imtina edir

Bloqqer: “Sizin polisiniz görün nə günə qalıb ki, ana-bacımızı bölməyə gətirərək bizdən imtina etmələrini tələb edir”
Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın ailəsi ondan imtina edib. Bu barədə “virtualaz.org” saytı məlumat yayıb. Saytın yazdığına görə, bloqqerin yaxınları redaksiyaya gələrək Orduxan Teymurxandan utandıqlarını deyiblər.
Bu adamın bizə heç bir aidiyyatı yoxdur
Bloqqerin bacısı oğlu Elnur Əliyev bildirib ki, 10 ildən artıqdır Azərbaycanda yaşamayan dayısı ilə onları heç nə birləşdirmir:
“Ona dayı demək istəmirəm, anamın bioloji qardaşıdır. Sadəcə iş elə gətirib ki, anamla eyni valideynin övladı olub. Biz onun yazdıqlarından xəcalət çəkirik. Biz bu hakimiyyəti də, dövləti də sevirik, prezidentin siyasətini dəstəkləyirik. Biz istəyirik hamı bilsin ki, bu adamın bizə heç bir aidiyyatı yoxdur. Biz onun kimi insanların yazdıqlarını lənətləyirik və belə qohumdan imtina edirik”.
2004-2015-ci illərdə Heydər Əliyev Fondunda tərcüməçi işlədiyini deyən şikayətçinin sözlərinə görə, bloqqer böhtan dolu yazılarını buradakı qohumlarının yaxşı yaşayışını gözü götürmədiyinə görə yazır:
“Dəfələrlə oturub müzakirə edirik ki, bizdən nə istəyir, bizi niyə incidir. Görünür, o, qohumlarının burada yaşayışına paxıllıq edir. Baxır ki, biz burada normal yaşayırıq, o Hollandiyada işsiz-gücsüz qalıb, qəsdən belə edir. Biz belə adamdan uzaq olmaq istəyirik. Sonuncu dəfə nənəm rəhmətə gedəndə 2011-ci ildə Azərbaycana gəlib. Onunla mənim heç ünsiyyətim olmayıb. Onun barəsində heç evdə də danışmırıq. Mədəniyyətə, şərəf və ləyaqətə sığmayan yazılarından əvvəl də onunla ünsiyyətim yox idi. Onun heç elementar ali təhsili yoxdur, savadı olan insan öz davranışına nəzarət edər. Allah ona lənət eləsin! Səsimi eşidən qurumlar bizim aramızdakı bağlılığı saymasınlar”.
Bizim heç bir şeydən narazılığımız yoxdur
O.Teymurxanın bacısı Zəhra Əliyeva isə bildirib ki, dəfələrlə digər bacı və qardaşları ilə birlikdə qardaşı ilə danışaraq həqiqətə uyğun olmayan yazılardan əl çəkməsini istəyiblər:
“Ona yalvarmışıq ki, dövlətçilik əleyhinə bu cür yalan yazmasın. O isə deyir ki, yazacağam. Onun fikirləri ilə də heç vaxt razı olmamışam. Bizim heç bir şeydən narazılığımız yoxdur. Çox yaxşı yaşayırıq. Mən bu hakimiyyəti dəstəkləyirəm. Orduxanla da heç bir əlaqəm yoxdur. Ondan imtina edirəm”.
Elə anası da onun ucbatından infarkt keçirib öldü
Z.Əliyevanın həyat yoldaşı Məhəbbət Əliyev isə qaynının bu əməllərinin ucbatından anasının infarkt keçirərək dünyasının dəyişdiyini deyir.
“Mən oğlumun, həyat yoldaşımın dediklərilə razıyam. Onunla bizim heç bir əlaqəmiz yoxdur, mən heç telefon nömrəsini də bilmirəm. 45 il fəhləliklə ailəmi dolandırmışam. Bu hakimiyyətdən narazılığımız yoxdur, pis yaşamırıq. Ölkəmiz də gün-gündən firavanlaşır. Vaxt var idi ki, çörək üçün növbəyə dayanırdıq. Bu ölkənin nəyindən narazılığımız ola bilər ki? Ancaq üzdəniraq qaynımdan narazılığım var. Elə anası da onun ucbatından infarkt keçirib öldü”, – deyə M. Əliyev bildirir.
Biz bu adamdan imtina edirik
Z.Əliyevanın digər oğlu Elnar Əliyev də bütün qohumların O.Teymurxana münasibətinin çox pis olduğunu bildirir. İş o yerə çatıb ki, hər kəs ondan uzaq olmaq və onunla bağlı heç nə eşitmək istəmir:
“Biz bu adamdan bezmişik, qurtulmaq istəyirik. Ötən həftə məni polisə çağırmışdılar. Dedilər, ona məsləhət verək ki, belə şeylər etməsin. İzah etdim ki, mənim onunla heç bir əlaqəm yoxdur. Biz bu adamdan imtina edirik. O, bizi saymır, adam yerinə qoymur. O, bizimçün maraqsız adamdır, biz onun etdiklərindən utanırıq. Normal cəmiyyətdə yaşayırıq, o nə istəyir biz bilmirik. Heç yəqin ki, özü də bilmir. Bizim bu ölkədə tək problemimiz odur”.
Bu yoldan dönməyəcəm
Meydan TV qohumlarının imtinasına Orduxan Teymurxanın münasibətini öyrənib:
“Mən onu bildirmək istəyirəm ki, vətənimi, ölkəmi, dövlətimi sevdiyim kimi ailəmi də sevirəm. Tutduğum yol azadlıq və vətənimizin diktatorsuz olması üçün çalışdığım bir yoldur. Ailəmə, 10 ildir görmədiyim bacı-qardaşıma basqı edərək, məndən imtina etmələrinə nail olmaları göstərir ki, hökumət boş-boş işlərlə məşğuldur. Onlara demək istəyirəm ki, bununla məni yolumdan döndərə bilməzsiniz. Sizin polisiniz görün nə günə qalıb ki, ana-bacımızı bölməyə gətirərək bizdən imtina etmələrini tələb edir. Bunların başqa işi yoxdurmu? Bu dövlətçilikdirmi? Bir şəxsin ailəsini polis bölməsinə gətirib aşağılamaq o demək deyilmi ki, ey insanlar, bilin, ailə biznesi hökm edir bu ölkədə? O deməkdir ki, dövlətçilik, Qarabağ qalıb bir kənarda, siz ancaq şəxsləri siyasi baxışına görə, onları susdurmaq üçün ailələrinə təzyiq edirsiz. Bildirmək istəyirəm ki, öldürsəniz, qətl etsəniz də, məni bu yoldan döndərə bilməzsiniz. 8 il bundan öncə öldürdüyünüz anamı belə qəbirdən çıxarıb imtina ərizəsi yazdırsanız da, bu, məni yolumdan döndərməyəcək. Bütün ailəm məndən üz döndərsin, mənim üçün fərqi yoxdur, Azərbaycanımdan, xalqımdan üz döndərməyəcəm, onların azad, firavan yaşaması, ölkəmizin çiçəklənməsi üçün əlimdən gələni edəcəm. Bu yolda beləcə ölüb gedəcəm, amma mübarizəmdən dönməyəcəm”.