Bloqqerin qardaşı: “Polis dedi ki, Orduxan susmasa sizi yaşamağa qoymayacağıq”

Fevralın 18-dən başlayaraq, Hollandiyada yaşayan azərbaycanlı bloqqer Orduxan Teymurxanın 12 nəfər yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu bildirilir.
Abzas.net xəbər verir ki, bloqqerin polisə aparılan qohumları arasında onun qardaşı Şakir Bəbirov da olub. Bloqqerin qohumlarının başına gələnləri qardaşı Şakir Bəbirov sosial şəbəkədəki səhifəsində yazıb:
“Mən, Bəbirov Şakir (58 yaş) Bəbirov Orduxan Teymurxan oğlunun (Orduxan Teymurxan) qardaşıyam. Orduxan 16 yaşından Azərbaycanda yaşamır. Hazırda Niderlandda yaşayır və oranın vətəndaşıdır. Daim sosial şəbəkə vasitəsilə Azərbaycan hakimiyyətini, dövlət məmurlarını tənqid edir.
Təxminən bir il olar ki, qardaşım Bəbirov Bəbir ona məxsus idman kompleksini Suraxanı rayon polis idarəsinin təzyiqləri nəticəsində bağlamağa məcbur oldu.
Bizə edilmiş təzyiqlərdən bezib təxminən 3 ay öncə mən Suraxanı rayon polis idarəsinin rəisi ilə görüşdüm. Polis rəisi məni və qardaşlarımı təhqir etməyə başladı və bildirdi ki, Orduxan susmalıdır, əks halda bu ölkədə bizi yaşamağa qoymayacaqlar.
Orduxan Almaniyada etiraz aksiyasında iştirak edib çıxış etdikdən sonra ailəmizə qarşı açıq təzyiqlər gücləndi və nəticədə bacım Zəhra və onun ailəsi onlara edilmiş təzyiqlərdən qorxub məcbur olub qardaşımız Orduxandan açıq şəkildə imtina etdilər.
18 fevral 2017-ci ildə Almaniyanın Köln şəhərində keçirilmiş etiraz aksiyasında Orduxan yenidən çıxış edib və “Bütlər aşacaq” ifadələrini işlətdikdən sonra saat 18 ərəfəsində bacım Sədaqətin (54 yaş) evinə Suraxanı rayon polis idarəsinin 20-yə yaxın əməkdaşı basqın edib, evdə axtarış aparıblar. Həmin gün Sədaqətin mərhum həyat yoldaşının doğum günü olduğundan bütün yaxın qohumlarımız, bacılarım Rübabə (56 yaş), Südabə (53 yaş), Sədaqətin qızı Xumar və 2 yaşlı qızı Selcan, bacımın qaynı İlqarı da tutub, maşına basıq polis idarəsinə gətiriblər.
Bacım polislərə deyib ki, nəvəsi Selcan xəstədir, hərarəti var, heç olmasa o, anası ilə evdə qalsın. Lakin polislər zorla onları da maşına basıb idarəyə gətiriblər. Oradan o biri bacım Zəhra (61 yaş) və onun həyat yoldaşı Məhəbbəti (67 yaş) də tutub idarəyə gətiriblər.
Həmin gün Suraxanı rayon polis idarəsinin 5-ə yaxın polisi saat 19 ərəfəsində mənim evimə basqın etdilər. Mənə dedilər ki, Orduxanla bağlı polis rəisi məni görmək istəyir. Məni maşına mindirib Suraxanı rayon polis idarəsinə gətirdilər. Maşına minən kimi dedilər ki, bacılarım da artıq polis idarəsindədir.
Polislər məni məcbur etdilər ki, qardaşım Xanların (64 yaş, şəkər xəstəsidir) da evini onlara göstərim və onu da idarəyə aparsınlar. Mən qəti etiraz etdim və qardaşımın evini onlara deməyəcəyimi bildirdim. Polislər maşını qardaşımın evinə yaxın yerdə saxlayıb yenə məni dilə tutmağa başladılar ki, qardaşımın evini onlara göstərim. Elə bu zaman təsadüfən qardaşım polis maşınının yanından keçib işə gedirdi. Polislər onu küçədən tutub, mənimlə birgə maşına mindirib polis idarəsinə apardılar.
Xanlar və məni polislər rəisin otağına apardılar. Otaqda rəisdən başqa müavinləri, daha yüksək rütbəli polis məmurları var idi. Biz otağa girən kimi rəis qardaşım Orduxanı təhqir etməyə başladı. Bizi məcbur etdilər ki, biz Orduxanla telefon əlaqəsi yaradaq. Biz onlara dedik ki, bizim Orduxanla heç bir əlaqəmiz yoxdu, heç onun telefon nömrəsini də bilmirik. Üstəlik, heç vaxt da ona zəng edib nəsə deməyəcəyik, çünki bunun heç bir əhəmiyyəti yoxdur. Onsuz da Orduxan bizə qulaq asan deyil.
Rəis bacılarımın və qardaşımın telefonuna elə yanımızdaca baxmağa və Orduxanın nömrəsini axtarmağa başladı. Südəbənin telefonunda “Whatsapp”da Orduxanla aylar öncə danışığını açıb bizə göstərdi və dedi “bəs deyirsiniz əlaqəniz yoxdur”. Rəis bacım Sədaqəti otağına gətizdirməyi əmr verdi. Sədaqət yeni əməliyyat olunub və böyrəyinin birini çıxardıblar. Rəis bacıma məcbur etdi ki, Orduxana zəng etsin və özü də həmin telefonu ona uzatdı.
Birinci rəis Orduxana zəng etdi və Orduxan cavab vermədi. Otaqdakılar yenidən bizə təzyiq etməyə başladılar. Bu zaman Orduxan özü bacıma zəng etdi. Rəis o dəqiqə telefonu açıb verdi ki, bacım danışsın. Bacım Orduxana dedi ki, bizi yığıblar polisə və deyirlər ki, o susmalıdır. Orduxan polislə danışmaq istədi və polisə dedi ki, bacılarımı sizə verirəm, amma bütün dünyaya deyəcəm ki, mənim bacılarımı ermənilər tutub girov götürüblər. Rəis Orduxana dedi ki, onun qeyrəti olsaydı, bacıları orda olmazdı.
Danışıq bitdikdən sonra bizi rəisin otağından çıxartdılar. Mən o biri otaqda bacımın qızı Xumar və onun 2 yaşlı qızı Selcanı, bacım oğlu Səbuhini gördüm. Çox pis hislər keçirdim. Polislərdən xahiş etdim ki, uşaq xəstədir, heç olmasa onları buraxsınlar. Məni rəisin müavinin otağına apardılar, rəis müavini mənə dedi ki, bacım qızı və onun uşağını buraxarlar, bir şərtlə ki, onları əvəz edəcək 2 nəfər gəlsin. Bir az keçmiş böyük bacımın oğlu gəldi və bacım qızını buraxdılar.
Mən, Xanlar, Elnar, İlqar və Məhəbbətdən başqa bütün bacılarımı yenidən rəisin otağına apardılar. Mən etiraz etməyə başladım, özüm də bacılarımın yanına girmək istədim. Lakin polislər məni zorla tutub kənarlaşdırdılar. Bu zaman bacılarımın otaqdan çıxdığını və Südabənin vəziyyətinin pis olduğunu gördüm. Südabə mənə dedi ki, onun oğlunu Universitetdən çıxaracaqlar və Orduxana yenidən zəng edib onun susmasını tələb etsin.
Bizi səhərə kimi polis idarəsində heç bir əsas göstərmədən saxladılar. Tualetə gedərkən də polis serjantının müşayəti ilə gedirdik. Bizə su və şirniyyatı qohumlarımız gətirmişdilər və polisin razılığı ilə bizə verdilər.
Səhər saat 10-11 arası polis bizi hədələyərək dedi ki, sabaha kimi vaxtımız var, Orduxanı susduraq, əks halda bizə pis olacaq. Sonra məni, Xanlar və Səbuhini yuxarı mərtəbədəki otağa apardılar, bizim sahə müvvəkillərimiz həmin otağa da gəldilər. Bizə aid məlumatları dəqiqləşdirib yazdılar, üstümüzə baxış keçirdilər. Üzərimizdəki əşyaları götürüb protokollaşdırdılar.
Sonra yenidən bizi aşağı mərtəbəyə düşürdülər. Orada artıq bacılarım yox idi, onları evə buraxmışdılar, yalnız Elnar, İlqar və Məhəbbət qalmışdı. Bir müddətdən sonra oturduğumuz stulları götürdülər və biz ayaqüstə qalmağa məcbur olduq. Axşam saat 19-da Elnar, İlqar və Məhəbbəti buraxdılar. Bizi mən, Xanlar və Səbuhini buraxmadılar. Gecə saat 11 olardı, mən polisə dedim ki, ayaqüstə artıq dura bilmirik, bizə oturmağa stul versinlər. Polis dedi ki, rəis bizə stul verilməsini qadağan edib. Bir müddətdən sonra polis yaxın qohumlarımızın bizə göndərdiyi su və yeməyi bizə gətirdi. Lakin 5 dəqiqə keçmiş polis onu da əlimizdən aldı və dedi ki, rəis bizə yemək və suyun verilməməsini göstəriş verib.
Səhərə kimi ayaqüstə polis idarəsində saxlanıldıq. Ayaqlarımız şişmişdi və yorğun idik. Məcbur olub paltarlarımızı altımıza salıb döşəmədə uzandıq.
Növbəti 3-cü gün saat 16-da bizi çölə çıxardılar. Məni başqa maşına, qardaşım və Səbuhini isə başqa maşına otuzdurdular. Maşın getdikcə gördüm ki, məni məhkəmə istiqamətinə aparmırlar. Məni aparan polis soruşdu ki, mən xəstəyəmmi. Mən də soruşdum ki, nə məsələdir, polisin dediyinə görə, rəis ona deyib ki, məni buraxsın. Amma polis məni 32-ci polis bölməsinə apardı. Orada rəis mənimlə yenidən söhbət etdi və məni nəhayət ki, evə buraxdılar.
Bir saatdan sonra bildim ki, qardaşım və Səbuhini məhkəməyə aparıb və 30 günlük inzibati həbs veriblər”.
Xatırladaq ki, Suraxanı rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılıb. Qərarda iddia olunur ki, S.Zeynalov və X.Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə cəzalandırılıblar.
Bloqqer bunları özünün ictimai fəaliyyətinə görə təzyiq olduğunu deyir.