BMT baş katibi Suriya ilə bağlı danışıb

BMT baş katibi Antonio Guterres, Suriyadakı böhranın qısa zamanda həll olacağına inanmadığını bildirib. 
Guterres, 53-cü Münhen Təhlükəsizlik Konfransında danışdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Abzas.net xəbər verir ki, Anadolu Agentliyində yer alan məlumata görə, Suriyada sülhün ancaq tərəflərin hərbi zəfər qazanamayacağını düşündüyü zaman mümkün olacağına diqqəti çəkən Guterres, “Suriyada hələ bu nöqtədə olduğumuzdan əmin deyiləm, hələ qazanacağını düşünənlər var, amma bu böyük yanılmadır. Buna görə Suriyadakı krizin qısa zamanda həll olacağı mövzusunda optimist deyiləm”, – deyə qeyd edib.
Suriyadakı böhranın döyüşən tərəflər üzərində təsirli olan ölkələr üçün də böyük təhdid halına gəldiyini ifadə edən Guterres, ABŞ, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələrin müharibəni bitirmək üçün tərəfləri razı salmağa çalışmalarının əhəmiyyətini vurğulayıb.
Guterres, “Suriya və İraq üçün siyasi və geniş həll yolu tapa bilməsək, İŞİD-i məğlub etməyimiz mümkün deyil” şəklində danışıb.