Britaniyalı hüquqşünas Bakıdan deportasiya olunub

Bazar günü gecə Londondan gəlmiş Britaniyalı hüquqşünas Ramute Remezaite Bakı hava limanında saxlanılıb, daha sonra deportasiya olunub.
“Artıq mənim də Azərbaycanda arzuolunmaz şəxs olduğumu anlamağım üçün növbəm çatıb”, deyə o, sosial şəbəkədə bu barədə yazıb.
İnsan Hüquqları naminə Avropa Vəkillər Assosiasiyasının üzvü olan Remezaite ötən həftə Azərbaycanın Londondakı səfirliyindən viza alıb.
O, iki digər həmkarı ilə birlikdə xarici səfirliklərdən birinin dəvəti ilə Bakıya gəlib, amma sərhəd buraxılış məntəqəsində ona “vizası olmasına baxmayaraq, Azərbaycana girişi ilə bağlı problem olduğunu” bildiriblər.
“Zabitlərdən biri mənə dedi ki, sistemdə stop işarəsi var və mən ölkəyə girə bilmərəm”, deyə o yazır və əlavə edir ki, ona heç bir izahat və ya sənəd vermədən geri göndəriblər.
“Bütün bunlar o deməkdir ki, mən Azərbaycanda arzuolunmaz şəxsəm və yaxın gələcəkdə oraya qayıda bilməyəcəyəm. Bu, həmçinin o deməkdir ki, insan hüquqlarını müdafiə edirsənsə və bu ölkənin rejimi hüquq və azadlıqları pozarkən susmursansa, səni bu ölkəyə buraxmayacaqlar”, deyə Ramute yazır.
 O, bütün gecəni üç təhlükəsizlik əməkdaşının fasiləsiz nəzarəti altında deportasiya olunanlar üçün ayrılmış zalda keçirib.
Qeyd edək ki, Ramute Remezaite Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının həyata keçirilməsinin monitorinqini aparan hüquqşünasdır. O, həmçinin Avropa Məhkəməsində Azərbaycan vətəndaşlarının iddiaları üzrə vəkil kimi çıxış edib. Eyni zamanda, o, Azərbaycanda insan hüquqlarının pozulması mövzusunda bir neçə məqalə dərc edib.
Turan agentliyi Azərbaycan Sərhəd Xidmətindən və Xarici İşlər Nazirliyindən bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.