“Bu Avropa Şurasının hüquq və azadlıqların müdafiəsi sisteminə ciddi təhdiddir”

Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupu REAL hərəkatının lideri İlqar Məmmədovun həbsinin dördüncü ilinin tamam olması ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda deyilir:
“Bu il fevral ayının 4-də REAL təşkilatının sədri, bir sıra beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının eksperti İlqar Məmmədovun həbsinin 4 ili tamam olur. İ.Məmmədov 2013-cü il fevralın 4-də həmin ilin yanvar ayında İsmayıllı rayonunda baş vermiş etirazlarda iştirak və bu etirazların bir hissəsini təşkil etmə kimi saxta ittihamlarla həbs olunub və 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İ.Məmmədova qarşı irəli sürülən ittihamlarla bağlı əsaslı şübhələr olmadığı halda onun dərhal həbsi, həm istintaqın, həm də məhkəmə proseslərinin kobud qanun pozuntuları ilə müşayiət olunması, özünün və vəkillərinin işin ədalətli həlli baxımından əhəmiyyəti olan sübutlarla bağlı vəsatətlərinin rədd edilməsi, İ.Məmmədovun təqsirsizliyi ilə bağlı çoxsaylı sübutların, o cümlədən etirazlar baş verərkən onun yanında olan çox sayda jurnalistlərin ifadələrinin nəzərə alınmaması və s. həbsin siyasi motivli və əsassız olduğu qənaətinə gəlmək üçün ciddi əsaslar verir.
Məhz bu səbəbdən, Amnesty International təşkilatı çox qısa zamanda İ.Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb, həm yerli, həm də nüfuzlu beynəlxalq təşkilatlar və bir çox hökumətlər bu həbsin aşkar siyasi motivli olması əsası ilə onun azadlığa buraxılmasını israrla Azərbaycan Hökuməti qarşısında qaldırıblar.
İ.Məmmədovun cinayət təqibinin siyasi motivli olması həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin onun şikayəti üzrə qəbul etdiyi 22 may 2014-cü il qərarında da əksini tapıb. Həmin qərarda Məhkəmə İ.Məmmədovun İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsinin (azadlıq hüququ) və həmin maddə ilə birgə götürülməklə 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusunu tanımaqla həbsin qanunsuzluğunu və siyasi məqsədlərlə həyata keçirildiyini müəyyən edib.
Avropa Məhkəməsinin qərarlarının icrası üzv dövlətlər üçün məcburi olsa da, bu qərar 3 ilə yaxındır icra edilmir, Avropa Şurası Nazirlər Komitəsinin və Avropa Şurasının Baş Katibinin və Prezidentinin, digər səlahiyyətlilərinin qərarın icrası ilə bağlı qərarlarına və çağırışlarına isə məhəl qoyulmur.
Avropa Məhkəməsinin qərarına baxmayaraq, İ.Məmmədovun hələ də azadlığa buraxılmaması Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında öhdəliklərinin icrasından ultimativ şəkildə imtina etməsi anlamına gəlir. Avropa Şurasına üzvlükdən dividentlərdən (beynəlxalq maliyyə instituları ilə əməkdaşlıq üçün təminatlar və s.) faydalanan ölkənin öz öhdəliklərinin icrasından boyun qaçırması təkcə beynəlxalq məhkəmənin nüfuzunu sual altına qoymur, bu, həm də Avropa Şurasının hüquq və azadlıqların müdafiəsi sisteminə ciddi təhdiddir.
Biz Azərbaycan hakimiyyətini üzərinə könüllü olaraq götürdüyü öhdəliklərə riayət edərək Avropa Məhkəməsinin İ.Məmmədov barədə qərarını icra etməyə səsləyirik.
Biz beynəlxalq ictimaiyyəti, xüsusən də Avropa Şurasını İ.Məmmədovun təxirə salınmadan azadlığa buraxılması üçün səyləri artırmağa və bu istiqamətdə ciddi addımlar atmağa çağırırıq”.