Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi üzrə işlər davam edib

Ötən ildə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca davam edib.
“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında bildirilir. Hesabata əsasən, Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam edib – təqribən 239 km uzunluğunda borular artıq qaynaq edilib və 207 km boru xəndəyə endirilib və üstü örtülüb.
Planlaşdırılmış 5 üfüqi istiqamətdə qazma işinin dördü il ərzində tamamlanıb, beşinci işin 2017-ci ilin birinci rübündə başa çatması gözlənilir.
“Gürcüstan ərazisində ilin sonunda kəmər xəttinin inşası üzrə tikinti işləri bitmək üzrə olub, 61 km uzunluğunda borular qaynaq edilib və 51 km borunun üstü örtülüb. Şərqi Kür ərazisində tunel tikintisi başa çatıb, boru kəmərinin inşasına isə bu ilin dördüncü rübündə başlanacaq. Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər təqribən 90% tamamlanıb və 2017-ci ildə bitmək planına uyğun irəliləyir. 2-ci kompressor stansiyasında işlər 55%, nəzarət-ölçü stansiyasında isə işlər 80% tamamlanıb və bu stansiyanın da 2017-ci ildə təhvil verilməsi planlaşdırılır”, – deyə, hesabatda qeyd olunub.