Dövlət Departamentinin nümayəndəsi Azərbaycana gəlir

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının fevralın 23-də Bakıda keçiriləcək 3-cü iclasında ABŞ da təmsil olunacaq.
İclasda ABŞ-ı dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Dunnigan təmsil edəcək.
“Azadlıq Radiosu” xəbər verir ki, ABŞ rəsmisi tədbirdən bir gün əvvəl Azərbaycana gəlməlidir.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 3-cü iclası fevralın 23-nə planlaşdırılıb.
Toplantıya Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, İtaliyanın iqtisadi inkişaf naziri Carlo Calenda və Yunanıstanın ətraf mühit və energetika naziri Giorgos Stathakis-in qatılacağı gözlənilir. Onlardan başqa, Bolqarıstanın energetika naziri Nikolay Pavlov, Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobrović və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroš Šefčovič də iclasda iştirak etməlidirlər.
“Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.