“Dövlət qurumları axtarışları davamlı olaraq aparsaydı, itkinlər çoxdan tapılardı”

“Azneft” İstehsalat Birliyinin Nərimanov adına Neft Qaz Çıxarma İdarəsində baş verən qəzada itkin düşən neftçiləri ailə üzvləri fərdi qaydada axtarışa başlayıblar. Onlar aidiyyəti qurumları məsuliyyətsizlikdə ittiham ediblər.
Bu haqda itkin neftçilərdən Güloğlan və Azay Zülfüqarov qardaşlarının yaxın qohumu Hacı Qayıbov modern.az-a məlumat verib.
“Hazırda görünən odur ki, axtarışları yalnız neftçilərin yaxınları aparır. Hadisə olandan bu günə kimi biz özümüz taksi ilə Ələt istiqamətində axtarışlar edirik. Həmçinin, piyada dəniz sahilində müşahidə aparırıq. İtkin düşən neftçilərin ailə üzvləri, gecə də, gündüz də, yağışda da, qarda da dəniz sahilindədirlər. Bir neftçinin cəsədi Neftçala ərazindən tapılandan sonra isə ümidimiz artıb”.
Neftçi yaxınları hesab edir ki, dövlət qurumları axtarışları davamlı olaraq aparsaydılar, itkinlər çoxdan tapılardı. Onlar bildiriblər ki, iki cəsədi də yerli camaat tapıb aidiyyəti qurumlara xəbər veriblər.
“Xəzərin Hamamdağ tərəfində dəniz kənarında neftçilərə aid, üzərində «SOCAR» yazılan geyim, yataq əşyaları, ayaqqabı tapdıq. Həmin əşyaları Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təhvil verdik. Bizə bildirildi ki, həmin əşyalarla bağlı araşdırma aparılıb nəticəsi ilə bağlı məlumat veriləcək. Amma bugünədək bizə hər hansı məlumat verilməyib”, – neftçi yaxını deyib.
İtkinlərin axtarışı ilə bağlı Dövlət Dəniz Administrasiyasında yaradılan qərargahdan isə bildirilib ki, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.