Faiq Əmirovun səhhəti pisləşir

AXCP sədrinin köməkçisi və “Azadlıq” qəzetinin maliyyə direktoru, həbsdə olan Faiq Əmirovun səhhəti  pisləşib. Bu barədə Turan-a onun xanımı Lalə Əmirova bildirib.
“Çərşənbə axşamı ona evə telefon etməyə icazə veriblər. O bildirib ki, sol ayağı bərk ağrıyır, öd kisəsində güclü ağrılar var”, – L.Əmirova deyib.
Onun sözlərinə görə, iki həftə öncə analizlər götürülsə də heç bir ciddi müayinə aparılmır.
Çərşənbə günü görüş verməlidirlər. Onun vəziyyəti məni ciddi narahat edir”, – L.Əmirova bildirib.
F.Əmirovun vəkili Aqil Layıcov qeyd edib ki, məhkəmə onun barəsində həbs qətimkan tədbirini dəyişməkdən və evə buraxmaqdan imtina edib.
“Onun vəziyyəti pisləşir, bundan prokurorluğun da xəbəri var. Amma iş üzrə heç bir istintaq hərəkəti aparılmır”, – vəkil bildirib.
Öz növbəsində Penitensiar Xidmət məsələ ilə bağlı şərh verməyib.
Xatırladaq ki, F.Əmirov ötən il avqustun 20-da saxlanılıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.
İstintaq orqanları onu ABŞ-da yaşayan türkiyəli din xadimi Fətullah Gülənin nümayəndəsi  kimi təqdim ediblər.
Ancaq sonradan onu ancaq “Azadlıq” qəzetinin maliyyə mənbələri ilə əlaqədar dindiriblər.
Həmkarları və ictimaiyyət hesab edir ki, həbsin səbəbi hakimiyyətin “Azadlıq” qəzetini susdurmaq və AXCP rəhbərliyinə təzyiq göstərməkdir.