FED uçot dərəcəsini artırmayıb

“İstehlakçı xərcləri artsa da, 2 faizlik inflyasiya hədəfinə çata bilməyiblər”
APA-nın verdiyi məlumata görə, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəni 0.5-0.75 səviyyəsində saxlayıb.
ABŞ Mərkəzi Bankı fevralın 1-də iclas keçirib. Açıqlama verib ki, istehlakçı xərcləri artsa da, 2 faizlik inflyasiya hədəfinə çata bilməyiblər.
2017-ci ilin yanvarında FED rəhbəri Janet Yellen bildirmişdi ki, 2019-cu ilin sonunadək uçot dərəcəsini bir neçə dəfə artırmaq planlaşdırılır. Uçot dərəcəsinin artırılmasının dəqiq vaxtı və templəri barədə məlumat verməyən J.Yellen qeyd etmişdi ki, bu, ABŞ iqtisadiyyatının gələcək göstəricilərindən asılı olacaq.
FED uçot dərəcəsini 2016-cı il dekabrın 14-də artırmışdı. Daha əvvəl, 2015-ci il dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0.25 faiz artırılması barədə qərar qəbul etmişdi.