Fransada terror hücumu hazırlığında olan 4 nəfər həbs edilib

Fransanın cənubunda yerləşən Montpellier şəhərində bir evə basqın təşkil edən terrorla mübarizə qüvvələri, terror hücumu hazırlığında olan 4 nəfəri həbs edib.
“Sputnik” xəbər verir ki, basqın zamanı İŞİD-in Paris və Brüssel hücumlarında istifadə etdiyi növdən partlayıcılar və partlayıcı istehsal edilən labaratoriya aşkarlandığı açıqlanıb.
Evdə ələ keçirilən kimyəvi maddələrin intihar hücumu hazırlığı şübhəsini doğurduğuna toxunan təhlükəsizlik mənbələri, 4 nəfərin “hücum hazırlığı içərisində olan kəslər” əhatəsinə alındığını ifadə edib. Tutulan şəxslərdən birinin çox miqdarda aseton satın alması sonrası hərəkətə keçildiyi qeyd edilib.
Hadisəni “yeni bir terror hücumunun qarşısının alındığı” şəklində bəyan edən fransız mətbuatındakı xəbərlərdə, uzun müddətdir təqib edilən bir nəfərin tutulması məqsədi ilə təşkil edilən basqında ələ keçirilən şəxslərdən birinin 16 yaşlı gənc qız olduğu ifadə edilib. Gənc qızın bir müddətdir sosial şəbəkələr vasitəsilə izlənildiyi və Suriyaya getmək üzrə olduğu bildirilib. 16, 20, 26 və 33 yaşlarındakı 4 şəxsin sorğuları davam edir.
Fransada 2015 və 2016-ci illərdə meydana gələn terror hücumları sonrası təhlükəsizlik tədbirləri ən üst səviyyəyə çıxarılmışdı. Prezident Fransua Hollande ötən həftə verdiyi açıqlamada, “Terror hücumu riski davam edir. Təhdid var olduqca alınan tədbirlər və mübarizə davam edəcək”, – deyə vurğulamışdı.