Fuad Əhmədli növbəti dəfə karserə salınıb

“Gənc fəal Fuad Əhmədli növbəti dəfə karserə salınıb”
Abzas.net xəbər verir ki, bunu vəkil Əsabəli Mustafayev sosial şəbəkədəki səhifəsində yazıb. Vəkil bildirib ki, AXCP üzvü Fuad Əhmədli şənbə günündən karsa salınıb:
“Bu gün Fuad Əhmədli ilə bağlı yeni problem yaranması barədə məlumat aldığım üçün təcili Kürdəxanı istintaq təcridxanasına gedəsi oldum. Orada Fuad Əhmədli ilə görüşdüm. Məlum oldu ki, şənbə günü onu yenə karserə salıblar”.
Əsabəli Mustafayev gənc fəalın cəzalandırılmasını əsassız hesab edir. Onun sözlərinə görə, Fuad Əhmədlinin karsa salınmasına səbəb ümumi istifadə üçün olan qidanı qızdırarkən kameraya tüstü yayılması olub:
“Məsələ ondadır ki, bütün kameralara qida qızdırmaq üçün qızdırıcı (plitka) verilib, istisna yalnız Fuad Əhmədlinin qaldığı kameradır (plitkanın verilmə şərtlərini bu istintaq təcridaxanasında olanlar bilir). Bu səbəbdən kamerada olanlar qidanı müxtəlif üsullar ilə qızdırmalı olurlar. Bu dəfə tüstü bir qədər çox olub. Qidanın ümumi olmasına və kamerada saxlanılanların hamısının onun qızdırılmasında iştirakına baxmayaraq təqsirkar Fuad Əhmədli bilinib”.
Vəkil bildirib ki, Fuad Əhmədliyə verilən cəza 3 gün olsa da, həbsxana rəhbərliyi onu qanunsuz olaraq 1 gün də artıq saxlamaq istəyir:
“Şənbə günü səhər karserə salanda ona elan etmişdirlər ki, cəza müddəti 3 gündür. Belə olduqda müddət sabah səhər bitməli idi. Lakin nədənsə onu karserdən birisi gün axşam buraxmaq istəyirlər”.
Əsabəli Mustafayev onu da qeyd edib ki, bu Fuad Əhmədliyə həbsxanada verilən ilk cəza deyil.
“Son zamanlarda Fuad Əhmədli artıq 2-ci dəfədir ki, müxtəlif bəhanələrlə karserə salınır. Karserdə saxlanılması həm də onun səhhətindəki problemləri gücləndirir. Çünki karserə köçrülərkən yalnız əynindəki nazik paltarda olmuşdur. Karserdə verilən qida isə onun səhhətinə ziyandır. Qanunsuz həbsdə saxlanılması kifayət etmir, belə cəzalarla onun vəziyyəti bir az da ağırlaşdırılır- deyə vəkil bildirib.
Xatırladaq ki, AXCP üzvü Fuad Əhmədli 2016-cı ilin avqustun 18-də həbs edilib. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
AXCP Fuad Əhmədliyə irəli sürülən ittihamları yalan və qurama adlandıraraq, siyasi fəaliyyətə görə həbs edildiyini bəyan edib.