GUAM-a üzv ölkələrin yüksək səviyyəli görüşü olacaq

Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Azərbaycanda səfərdədir. O, bu gün prezident İlham Əliyev və xarici işlər naziri Elımar Məmmədyarovla görüşüb.
İki ölkənin xarici işlər nazirləri görüşlərinin yekunu olaraq brifinq keçirib.
“Azərbaycanla Gürcüstan arasında əlaqələr dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanır”, deyə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşdən sonra bildirib.
Onun sözlərinə görə, görüşdə hazırki əlaqələr və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə olunub.
“Nəqliyyat məsələri ilə bağlı daha geniş danışdıq. Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu il fəaliyyətə başlayacaq. Bu layihə hər 3 ölkənin inkişafına təkan verəcək”.
Nazir bu ilin ilk altı ayı ərzində Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü olacağını deyib.
Nazirlərin hər ikisi ərazi bütöpvlüyü və suverenliyin tanınması məsələsində eyni fikirdədir. Belə ki, Azərbaycan Gürcüstanın, Gürcüstan isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır.
Nazirlər həmçinin GUAM-ın fəaliyyətinin daha da genişləndirilməsini dəstəkləyir.
“Hazırda Gürcüstanın sədrlik etdiyi GUAM təşkilatı çərçivəsində əlaqələrin inkişafı barədə müzakirələr aparılıb. GUAM-ı xüsusilə iqtisadiyyatın və turizmin inkişafı baxımından gücləndirməyin yolları barədə danışdıq. Müəyyən layihələr var. Yaxın 2-3 ay ərzində təşkilata üzv ölkələr arasında yüksək səviyyəli görüş nəzərdə tutulur”, deyə Məmmədyarov qeyd edib.
Gürcüstanın xarici işlər naziri Mixail Canelidze isə Azərbaycan və Gürcüstan diplomatik münasibətlərinin mövcud olduğu son 25 ildə  dostluq və mehriban qonşuluq münasibətlərinin davam etdirildiyini deyib.
O bildirib ki, iki ölkə arasında yüksək səviyyəli dialoq var.
 “Əməkdaşlığımız müvafiq formatlarda davam edir və biz bu dialoqu intensiv şəkildə davam etdirmək fikrindəyik. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinə dair rəqəmlər pozitiv deyil. Regionda böhran olub. Lakin plan qurduq ki, bu sahədə işlərimizi aktivləşdirək. Potensialdan maksimum istifadə etməliyik. Ümid edirəm ki, bunlar pozitiv nəticələr verəcək. Regionda energetika və nəqliyyat layihələrinə önəm veririk. Tranzit imkanlarını artırmaq niyyətindəyik. Bu istiqamətdə mühüm layihələr var. Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istifadəyə veriləcək”, deyə Cenalidze qeyd edib.
Nazir iki ölkə arasında əməkdaşlığın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də davam etdiyini bildirib.
“Azərbaycanı Avropa İttifaqı ilə yeni saziş üzrə danışıqların başlaması münasibətilə təbrik edirik”, deyə o qeyd edib.
Cenalidze həmçinin regionda nəqliyyat sahəsində əməkdaşlığın, tranzit daşımalarının artırılmasının, avtomobil yollarının inkişafının vacibliyini qeyd edib.