Hacı Əbdül: “Biz ölkəboyu islahatların başlamasını gözləyirik”

Deputat Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasının ilk təşəbbüskarlarından biri, “Vətən Naminə” Xalq Hərəkatı Birliyinin sədri Hacı Əbdül Əbdülov M.Əliyevanın birinci vitse-prezident təyin olunmasını hakimiyyətə yeni nəfəsin gəlməsi kimi dəyərləndirib.
Ə.Əbdülov Turan-a açıqlamasında yenə də fikrinin üstündə qaldığını deyərək bu təyinatı ən doğru seçim adlandırıb:
“Əlbəttə, bu münasibətlə M.Əliyevanı və prezidentin özünü təbrik edirəm. Amma məsələ təkcə təyinatda deyil, həm də bizim gözləntilərimiz var, biz ölkəboyu islahatların başlamasını gözləyirik və xalqı bu islahatları dəstəkləməyə çağırırıq”.
2016-cı ilin sentyabrında Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib.
Bu dəyişikliklərdən biri də dövlət idarəetmə sistemində vitse-prezidentlik institutunun tətbiqi olub.
2016-cı ilin oktyabrında Ə.Əbdülovun sədri olduğu “Vətən Naminə” Xalq Hərəkatı Birliyi  Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması təşəbbüsü ilə çıxış edərək bəyanat yaymışdı.
Dövlət başçısı İlham Əliyev fevralın 21-də imzaladığı sərəncamla xanımı, deputat Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib.
Əvvəlki məqaləHollandiyada marixuananın yetişdirilməsilə bağlı qanun layihəsi dəstəklənib
Növbəti məqalədəFED uçot dərəcəsini artıracaq