Jurnalist Elçin İsmayıllı həbs edilib

İsmayıllıda yaşayan və çalışan jurnalist Elçin İsmayıllı həbs edilib. O, zorla pul tələb etməkdə ittiham olunur. Jurnalist itithamı qəbul etmir.
Vəkil İslam İsmayılov bildirib ki, jurnalist fevralın 17-də İsmayıllı rayonunda həbs olunub. Ona qarşı CM-in 182.2.2 (hədə yolu ilə pul tələb etmək və bu hal dəfələrlə törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) ittihamları sürülüb.
İstintaq bildirib ki, guya jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin işçini hədələyərək onun haqqında mənfi məlumatlar yayacağını bildirib. “O, Dövlət Təhlükəsizlik Xidmətinə şikayət edib və pul alarkən saxlanılıb”, – vəkil bildirib.
Jurnalistin sözlərinə görə, ondan şikayət şəxs çoxdankı tanışı olub və jurnalist ondan 1000 manat borc pul istəyib.
Jurnalist ittihamı saxta hesab edir və düşünür ki. onu peşə fəaliyyətinə görə həbs ediblər.
İş Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilib. Fevralın 18-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 24 sutka həbs qətimkan tədbiri seçilib. E.İsmayıllı Kürdəxanı təcridxanasına yerləşdirilib.
E.İsmayıllı Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür.
AXCP sədrinin müavini hesab edir ki, jurnalistə qarşı təxribat törədilib və o, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun “qanunsuz hərəkətləri” barədə tənqidi məqalələrinə görə həbs edilib.
E.İsmayıllı müxtəlif vaxtlarda müxtəlif KİV, o cümlədən “Azadlıq” qəzeti, “Azadlıq” radiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq  edib.
Bundan öncə yerli sakinlərin problemlərini işıqlandırdığına görə təzyiqlərə məruz qalıb. Ona hücumlar olub, polis tərəfindən saxlanılıb.
2013-cü ilin yanvarında İsmayıllı hadisələri zamanı E.İsmayıllı bu hadisələri fəal şəkildə işıqlandırıb. Etiraz aksiyası zamanı onun qardaşı rayonda olmasa da kütləvi iğtişaşlarda iştiraka görə həbs olunub.