Kimdir əxlaqsız: avropalılar yoxsa biz? – Rəşad Müseyibzadə

Rəşad Müseyibzadə
Ortaq yaşam şəraitini daha keyfiyyətli hala gətirən 2 təməl ünsür vardır. 1. Hüquq 2. Əxlaq. Əgər bir ölkədə hüquq sistemi qaydasındadırsa, hakimlər ədalətli qərar verirsə, məhkəmə qarşısında kimsə kimsədən üstün deyilsə, insanlar o ölkədə daha yaxşı güzaranda yaşayır.
Hüququn aliliyinin qorunduğu ölkələrə fikir versəniz, məsələn: Skandinaviya ölkələri, Kanada, Almaniya, Belçika, Hollandiya, ABŞ və başqa bir çox avropa ölkələri həyat standartlarının ən yüksək səviyyədə olduğunu görərsiniz. Amma hüququn olması üçün də ƏXLAQ anlayışının olması lazımdır. Bizə illərlə aşılanan odur ki, avropalılar, qərblilər əxlaqsızdır, orda əxlaq yoxdur. İlk öncə baxaq görək Əxlaq nədir? Əxlaqın təməlini təşkil edən empatiya hissidir. Bir insan özünə rəva görmədiyi bir şeyi başqasına da etmirsə, deməli empatiya qura bilir.
Azərbaycanlıların əxlaq anlayışına baxaq: qadın minik ətək geyinirsə əxlaqsızdır, tərbiyəli qızın sevgili olmaz, qız uşağı oxumaz, oğlan sırğa taxmaz, şortik geyinməz və bu qəbildən olan tabular. Yəni əxlaqı sadəcə geyimə yükləyən bir düşüncə. “Facebook”da həmişə eyni müzakirə gedir: “qadına söyüş yaraşmır”, “bunu bir Azərbaycan qadınına yaraşdırmadım”. Bir dəfə olsun görmədim yazılsın ki, “Azərbaycan insanına rüşvəti yaraşdırmadım”, “kişi rüşvət almaz”, “yaxşı insan siqaret kötüyünü yerə atmaz”. İllah ki, bütün ailənin, kəndin, rayonun, şəhərin, hətta ölkənin namusunu yükləyəcəklər bir qadının üstünə.
Bu yaxınlarda bir yapon mühəndisin Türkiyədə tikdiyi bir körpü çökdüyü üçün intihar etmişdi. Çünki o insanda əxlaq anlayışı var, çünki empatiya qura bilir. Onun bir səhvi neçə insanın həyatını itirməsinə səbəb oldu deyə intihar edir. Bu bir dəfə olmayıb, dəfələrlə olub. Yaponiyada intihar etmək bir adətdir. Çünki o adamın səhvi böyük bir faciəyə səbəb olursa, deməli şərəf və ləyaqətini itirmiş sayılır. Azərbaycanda bu qədər faciə olub, buna görə intihar yox, heç istefa verən bir məmur olubmu?
Azərbaycan məmurları aydın məsələdir, nə olduqlarını bilirik. Sizcə, sadəcə məmurlarmı elədir? Sadə xalq fərqlidirmi? Azərbaycanda bir adam rüşvətçi, insanlara zülm edən, insanların çörəyi ilə oynayan bir qohumu ilə fəxr edir, hər yerdə deyir ki, mən filankəsin qohumuyam, polis saxlayanda üstünə bozarır ki, “sən bilirsən, ala, mən kimin qohumuyam?”, amma mini ətək geyinən qıza əxlaqsız deyir. Çünki insanlarımızda empatiya hissi yoxdur. Adam rüşvətini verib sürücülük vəsiqəsi alır və o təcrübəsizliklə çıxır yola ama empatiya qura bilmir ki, mən belə neçə insanın həyatını təhlükə altına atıram.
İnsanlarımızda qarşıdakını düşünmə hissi yoxdur, bu hissi yaradacaq təhsil, maarifləndirmə də yoxdur. Avropaya, Kanadaya fikir versək həyat standartlarının ən yüksək olduğu, bütün insanların hüququnun qorunduğu, rüşvətin az olduğu, insanların bir-birinə “atmadığı”, səhiyyə və təhsilin ən üst səviyyədə olduğu, polisin insanları şərləmədiyi, küçələri tər-təmiz olan gözəl bir yaşam görərik.
İnsanlara rüşvət almağın və ya verməyin əxlaqsızlıq olduğunu öyrətmirlər bizdə. Bunu nə ailədə görə bilir uşaq, nə məktəbdə, nə universitetdə nə də iş yerində. Valideyin müəllimdirsə, rüşvət alıb qiymət yazır, həkimdirsə pulu olmayan xəstəni əməliyyat etmir, jurnalistdirsə yalan məlumat yazır. Bu təkcə Azərbaycana yox, bütün müsəlman ölkələrinə aiddir. Heyvana təcavüz etmədə ən üst pillələrdə müsəlman ölkələridi, uşaq pornolarına baxmada ən üst sırada müsəlman ölkələridi. “Masonlar, Sionistlər müsəlmanları inkişaf etməyə qoymur” deyə bir şey yoxdur. Bunların hamısı bəhanədir. Öz günahını başqalarının üzərinə atmaqdır. Avropada kimin kimlə sevişməsi, insanların nə geyinməsi, avtobusda yaşlılara verməmək, böyüklərin yanında yanında kiçiklərin də fikrini bildirməsi, böyüklərin yanında ayaq ayaq üstünə atmaq əxlaqsızlıq sayılmır. Avropada rüşvət vermək, insanların haqqını yemək, cinsi orentasiyasına görə insanlara münasibət göstərmək, hakimin yanlış qərarı, jurnalistin yalan yazması, həkimin səhv müalicəsi, müəllimin uşağa dərs verməməsi əxlaqsızlıq sayılır. İndi qərar verin kimdir əxlaqsız: avropalılar yoxsa biz?
P.S. Bu yazıdan da bütün müsəlman və ya bütün azərbaycanlılar əxlaqsızdı və bütün avropalılar əxlaqlıdı deyə nəticə çıxarmayın. Əgər çıxardınızsa, deməli fərd ola bilməmisiniz, o haqda da bir başqa yazıda yazaram.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.