Komissiya sədri: “Astaranın 80%-i işıqsız qalıb”

Güclü külək və qar səbəbi ilə Astaranın şəhər ətrafı əraziləri və kəndləri işıqsız qalıb.
Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, fövqəladə hallar üzrə komissiyanın sədri İlqar Malıyev abonentlərin  “Report”un Cənub bürosunə bildirib ki, rayonun 80%-i işıqsız qalıb:
“Yüksək gərginlikli 35 min kilovatlıq Lovain elektrik ötürücü xəttində qəza baş verib. Bununla paralel olaraq dağlıq, dağətəyi ərazilərdə yağıntının miqdarının çox olması və küləklə müşahidə olunması rabitə və elektrik təsərrüfatına ciddi ziyan vurub. Dirəklər aşıb, naqillər yararsız hala düşüb. Transformatorlarda qısaqapanmalar baş verib. Nəticədə rayonun 80%-i işıqsız qalıb. Dərhal briqadalar qəza yerlərinə çıxıb. Hazırda qəzaların bir çoxu aradan qaldırılıb. Lovain xəttində təmir-bərpa işlərinə başlanılıb. Görülən tədbirlər sayəsində enerjidən əhalinin 30 faizinə elektrik enerjisinin verilişi bərpa edilib. Günün sonuna qədər qəzaların aradan qaldırılmasının maksimuma çatdırılması üçün lazımi tədbirlər görülür.”
İcra başçısının müavini əlavə edib ki, səhər saatlarından başlayaraq yolların qar və buz qatından təmizlənilməsinə başlanılıb: “Yollarda gediş-gəlişin təmin olunmasından ötrü texnikalar cəlb olunub. Bir istiqamətdən başqa bütün yollarda hərəkətin bərpa edilib. İki ərazi vahidliyi üzrə 12 kəndi əhatə edən Hamuşam yolu isə hələ ki, bağlıdır. Bu kəndlər Astaranın Leriklə qonşu olan dağ kəndləridir”.