Kozlariç: “Bu təyinatı mənə Argentina prezidentinin son dövrlərini xatırladır”

Mehriban Əliyevanın Azərbaycanın vitse-prezidenti təyin olunması ABŞ-da siyasətçilərin və ekspertlərin böyük diqqətini cəlb edib, onlar Bakının xarici siyasətinin bundan sonra necə inkişaf edəcəyi, xüsusən, bunun Vaşinqtonla münasibətlərə necə təsir edəcəyi barədə suala cavab tapmağa çalışırlar.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç Turan-ın müxbirinə müsahibəsində bu məsələ ilə bağlı fikirlərini bölüşür.
“Bakıda hakimiyyət ötən ilin sentyabrında konstitusiyaya dəyişikliklər edilməsi və referendum keçirilməsi qərarını elan etdikdə təklif olunan dəyişikliklər prezidentin həyat yoldaşının vitse-prezident təyin edilməsini təbii edirdi. Bizim ölkəmizdə prezident Kennedinin qardaşının baş prokuror təyin edildiyi və prezidentin müşaviri kimi böyük rol oynadığı hal olub. Və ya Hillari Klinton prezident Klintonun ilk administrasiyası zamanı səhiyyədə müəyyən rol oynayıb. Bünün bunlara rəğmən, Mehriban Əliyevanın təyin edilməsi mənə yalnız Xuan Peronun prezidentliyinin son dövründə həyat yoldaşı Evitanı vitse-prezident təyin etdiyi Argentinanı xatırladır”, deyə Kozlariç bildirib.
Onun fikrincə, Azərbaycan getdikcə daha çox bir ailə üzvlərinin hökumətdə mühüm mövqeləri tutduğu monarxiyanı xatırladır.
“Mən demokratiyanın gələcəyindən nigaranam, çünki bu, 25 il əvvəl bizim böyük ümid bəslədiyimiz xalqın daha geniş iştirakı və demokratiya imkanları istiqamətində atılmış addım deyil”, deyə o qeyd edib.
İnsan hüquq və azadlıqlarının pozulmasına görə kəskin tənqid fonunda M.Əliyevanın təyinatı Azərbaycanın beynəlxalq imicinə necə təsir edəcək?
Argentinanın keçmiş prezidenti Xuan Peron və həyat yoldaşı Evita
Bu suala cavabda Kozlariç deyib ki, Mehriban Əliyevanın “fərqli obrazı” var və o, cəmiyyətdə Azərbaycan mədəniyyəti və incəsənəti ilə məşğul olan insan kimi qəbul olunurdu.
“Mən Bakıda səfir olarkən həyat yoldaşım Enn Mehribanla birlikdə “Azərbaycan mədəniyyətinin dostları” qrupunu təşkil etmişdi. Beləliklə, onun prezident sarayından və ya Milli Məclisdən ənənəvi siyasətçiyə oxşamayan fərqli obrazı var.
Amma təkcə bu, ölkənin imicinə kömək etmir, çünki sürgündə olanların ailələrinin təqibi davam edir. Onların qohumları polisdə döyülür və həbs olunur.
Mən 2014-cü ilin dekabrına qayıtmaq istərdim, həmin vaxt Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qərbi kəskin tənqid edən məşhur məqaləsini dərc etmişdi. Mənə o vaxt artıq aydın idi ki, hakim rejim artıq Qərbdə və ABŞ-da nə düşünüldüyü ilə maraqlanmır və o, təəssüf ki, bu gün gəldiyimiz yoldan – daha avtoritar rejimi ortaya çıxaran yoldan gedəcək”.
Bu yaxınlarda hökumət tənqidçilərinin həbs və təqiblərinə toxunan keçmiş səfir qeyd edib ki, Bakıda hakimiyyət Azərbaycan haqqında onun hüdudlarından kənarda deyilənlərdən getdikcə daha çox narahat olur. Daha yaxşı seçim yolu düşünə bilməyən hakimiyyət artıq ölkə daxilində jurnalistləri həbs etmir, daha da irəli gedir və artıq xaricdə yaşayanları susdurmağa çalışır.
Qərbdən vitse-prezident təyin olunması ilə bağlı tənqid eşidilməməsinin səbəbi nədir?
Bu suala cavabda keçmiş səfir bildirib ki, bunun məhz indi, ABŞ-da yeni administrasiyanın gəldiyi vaxt baş verməsinin təsadüfi olduğunu düşünmür.
“Zənnimcə, indi İlham Əliyev özünü daha yaxşı hiss edir və başa düşür ki, belə bir təyinat edərkən ABŞ-ın tənqidi ilə qarşılaşmayacaq”.
O, hakimiyyətin Tramp administrasiyasının insan hüquqları və demokratiya məsələləri ilə Obama administrasiyasından daha az maraqlanacağını güman etdiyini düşünür. Amma Kozlariç Tramp administrasiyasının insan hüquqlarının pozulmasına uzun müddət göz yumacağını düşünmür.
Tramp prezident seçildikdən sonra faktiki olaraq bir çox sərt bəyanatlarından və müraciətlərindən, o cümlədən bir sıra avtoritar rejimləri tərifləməkdən imtina edib. Buna görə Bakıda Tramp komandasının Obama komandasından çox fərqlənəcəyini düşünərək, çox tez seviniblər.
Trampın Rusiya  və İranla  əlaqələri nəcə olacaq?

Kozlariç bu suala cavabda deyib ki, İranla bağlı siyasətin sərtləşəcəyini düşünmək üçün əsas var və artıq bunun dəlilləri görünür. Bu tendensiya davam edərsə, Azərbaycan çətin vəziyyətə düşəcək.
İrana qarşı yeni sanksiyaların qəbul ediləcəyi istisna deyil, bu, İranın yaxın qonşusu kimi Azərbaycana da mütləq təsir edəcək.
Tehranın bu yaxınlarda İsrail baş naziri Netanyahunun Bakıya səfərinə reaksiyasını yada salmaq kifayətdir, deyə Kozlariç xatırladıb.
“Mənə elə gəlir ki, indi Amerika-Azərbaycan münasibətlərində energetika məsələsi o qədər də əhəmiyyətli deyil. İran amili daha çox əhəmiyyət qazanır”, deyə keçmiş səfir qeyd edib.
Bakı Qərbdə imicini yaxşılaşdırmaq üçün hansı addımları atmalıdır?
Bu suala cavabda Kozlariç deyib ki, son günlər atılan addımlar – fəalların və onların qohumlarının həbsi dəqiq buna şərait yaratmır. Aydındır ki, hakimiyyətin öz təbiətindən əl çəkməsi və demokratiya qurulması yolundan getməsi çətindir. Buna görə Azərbaycanın reytinqi düşəcək. Vaşinqtonun mövqeyinə gəlincə, hələlik konkret danışmaq çətindir, çünki Dövlət Departamentində mühüm vəzifələrə təyinatlar olmayıb. Təxminən altı ay sonra daha müəyyən danışmaq olar, keçmiş səfir belə hesab edir.
Qarabağ mövzusuna toxunan Kozlariç Minsk Qrupu çərçivəsində nizamlanma prosesinə dəstəyin çətinləşəcəyindən narahatlığını bildirib.
“Vəziyyət həddindən artıq risklidir və yazın gəlişi ilə Fransada seçkilər və ABŞ-ın iştirakının, daha doğrusu Qarabağ məsələsində iştirak üçün siyasi iradəsinin azalması fonunda 2016-cı ilin aprel hadisələrinin təkrarlanması ehtimalından qorxuram”, – Riçard Kozlariç belə hesab edir.
Əvvəlki məqaləHəbsdəki REAL-çının səhhəti pisləşib
Növbəti məqalədəSabah günün birinci yarısında metronun “Xətai” stansiyası işləməyəcək