Mehriban Əliyeva təbriklərə cavab verdi

“Yeni vəzifədə mənə dəstək dolu sözlərinizi, diləklərinizi dərin minnətdarlıq hissi ilə oxuyuram. Bu təyinat mənə çox böyük etimad və şərəfdir. Çünki bütün fəaliyyətim boyu mənim üçün əsas prioritet ölkəmizin və xalqımızın maraqları olub”.
Birinci vitse-prezident Mehriban Əliyevanın yeni vəzifəyə təyin olunması münasibətilə onu təbrik edənlərə cavabında belə yazılır.
O, qeyd edir ki, rəhbəri olduğu Heydər Əliyev Fondu indiyədək bir çox əhəmiyyətli layihələr reallaşdırıb.
“Mən bununla fəxr edirəm. Bu illər ərzində biz Azərbaycanın həyatında baş verən müsbət dəyişikliklərə öz töhfəmizi verməyi bacarmışıq. Amma yeni təyinat qarşıma, artıq yeni hədəflər qoyur, yeni imkanlar açır”.
Birinci vitse-prezident gələcəyə nikbin baxdığını vurğulayır.
“Çünki bu gün Azərbaycan qüdrətli, özünü təsdiq etmiş bir dövlətdir. Bizim inkişaf üçün böyük potensialımız, ən əsası isə insan kapitalımız var. Mən ölkəmə, sizə, bizim yaradıcılıq enerjimizə inanıram. Ölkəmizin gələcəyi, onun inkişafı və firavanlığı üçün bizim hər birimiz cavabdehik”, M.Əliyeva qeyd edir.
Mehriban Əliyeva fevralın 21-də Azərbaycanın birinci vitse-prezidenti təyin edilib. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Ötən il sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirilib.
Həmin dəyişiklikdən biri də vitse-prezident institutunun təsis edilməsi idi. Yeni Konstitusiyaya görə, birinci və digər vitse-prezidentləri prezident təyin edir.
Dəyişikliklərə bundan başqa, prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması da daxil idi. Habelə, prezident və deputat seçkilərində yaş senzi aradan qaldırılırdı.
Hakimiyyət bütün bu dəyişiklikləri Konstitusiya islahatları kimi təqdim edib. Onların fikrincə, bu, ölkənin daha çevik idarə edilməsinə və təhlükəsizliyinə şərait yaradacaq.
Müxalifət isə bunu hakimiyyətin bir ailədə cəmləşməsi kimi dəyərləndirmişdi.
Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyeva prezident İlham Əliyevin həyat yoldaşıdır.