Moskvadan Azərbaycanın regionlarına yeni avireyslər açılır

Martın 15-dən AZALJET Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır.
“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) Abzas.net-ə verilən məlumata görə, aşağı büdcəli AZALJET brendi altında Moskvanın (Rusiya) “Vnukovo” hava limanından Azərbaycanın regionlarına – Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq.
Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək.
“Vnukovo” Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə saat 20:30-da, Qəbələ və Gəncədən uçuş – saat 20:30-da, “Vnukovo” Beynəlxalq Hava Limanına enmə – yerli vaxtla saat 22:20-də yerinə yetiriləcək.
Aviabiletlərin qiymətləri 49 avrodan başlayacaq (bir istiqamətdə). Baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.