Nardaran məhbusunun şikayəti təmin edilməyib

Noyabrın 14-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə Nardaran məhbusu Cabbar Cabbarovun şikayətinə baxılıb.
“Azadlıq Radiosu” xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.
E.Sadıqov bildirib ki, şikayət onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalması ilə bağlı olub.
Vəkil qeyd edib ki, Baş Prokurorun müavini Rüstəm Usubov bu şikayətlə bağlı cinayət işinin başlanılmasını rədd etmişdi. Həmin qərardan verilən şikayəti də bu il fevralın 2-də Səbail rayon Məhkəməsi geri qaytarıb. İndi baxılan şikayət həmin qərardan verilib: “Apellyasiya şikayəti təmin edilmədi. Artıq bu ağır işgəncələrdən və onun araşdırılmamasından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəm”,-deyə vəkil vurğulayıb.
Cabbar Cabbarov “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovla mühakimə olunub və 19 il azadlıqdan məhrum edilib.