Nazirə açıq məktub: “Adıma qeydə aldığınız QHT-ni ləğv edin”

Oqtay Gülalıyev
“Sədri olduğum Demokratik İslahatlar Uğrunda İctimai Birlik 1999-cu ilin sentyabrında təsis edilib. Birliyin qeydiyyata alınmasından ötrü müxtəlif vaxtlarda 10 dəfə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müraciət edilib. Ancaq Ədliyyə Nazirliyi təşkilatımızı tamamilə fərqli olan bir adda – “İnkişafa Yardım” İctimai Birliyi adı altında qeydiyyata alıb”.
AzadlıqRadiosu-nun məlumatına gör, hüquq müdafiəçisi Oktay Gülalıyevin ədliyyə naziri Fikrət Məmmədova açıq məktubunda belə yazılır.
Hüquq müdafiəçisi məktubunda qeyd edir ki, nazirliyin qeydiyyata aldığı təşkilatın ona və təmsil etdiyi Demokratik İslahatlar Uğrunda İctimai Birliyə heç bir aidiyyatı yoxdur:
“İnkişafa Yardım” İctimai Birliyinin adından fəaliyyət göstərmirəm və fəaliyyət göstərmək niyyətim də yoxdur. Çünkü yuxarıda qeyd etdiyim kimi bu təşkilatın adı, məqsəd və məramı mənim fəaliyyət sahəmə uyğun deyil. Mən, Demokratik İslahatlar Uğrunda İctimai Birliyin təsisçisi və sədri olaraq 17 ildən artıqdır ki, insan haqları, demokratik inkişaf sahəsində fəaliyyət göstərirəm. “İnkişafa Yardım” İctimai Birliyinin məqsədi iqtisadi təhlil və tədqiqatlar aparmaqdır ki, bu da mənim fəaliyyət sahəmə uyğun deyil. Mən hüquq müdafiəçisiyəm, iqtisadçı deyiləm”.
Hüquq müdafiəçisi ədliyyə nazirindən xahiş edib ki, onun adına qeydə alınmış “İnkişafa Yardım” İctimai Birliyinin dövlət qeydiyyatını ləğv etsin. “Demokratik İslahatlar Uğrunda ” İctimai Birliyin qeydiyyata alınmasından ötrü müvafiq addımlar atsın.
Həm yerli, həm də bir çox beynəlxalq qurumlar Azərbaycanda QHT-lərin fəaliyyəti, qeydiyyatı ilə bağlı ciddi problemlərin olduğunu deyirlər. Son 6 ayda bu problemlər xüsusi ilə aktual olub.
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü, Açıq Hökumət Təşəbbüsü kimi beynəlxalq birliklər ardıcıl olaraq hökumətdən belə problemlərin çözülməsini tələb edib. Hökumət bu tələblər fonunda periodik olaraq problemlərin çözülməkdə olduğunu bəyan edir.
Hüquq müdafiəçisi O.Gülalıyevin rəhbərlik etdiyi QHT-nin dövlət qeydiyyatına alınması Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsündəki üzvlük statusu müzakirə olunan zaman açıqlanmışdı.
Ancaq hüquq müdafiəçisi belə addımların imitasiya məzmunlu olduğunu bildirir.
Hakimiyyət təmsilçiləri isə adətən, QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması, vətəndaş cəmiyyətinə basqılarla bağlı deyilənləri qəbul etmir.
Xatırlatma
“Açıq Hökumət Təşəbbüsü” 2011-ci ildə BMT Baş Assambleyasının 66-cı toplantısında qəbul edilib. Hazırda adıçəkilən sənədi 70 civarında ölkə imzalayıb.
Azərbaycan bu sənədə ilkin qoşulmaq istəyənlər sırasında olub, 2012-ci ildə təşəbbüsə qoşulub. 2016-cı ilin mayında Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi Azərbaycanın bu qurumdakı statusunu tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirib. Buna səbəb kimi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə yaradılmış məhdudiyyətlər, bütün vətəndaş cəmiyyəti spektrini əhatə edən platformanın olmaması göstərilib. Yeni statusda Azərbaycan səsvermə hüququndan məhrum edilib.
Azərbaycan bu quruma daxil olan ölkələr arasında tamhüquqlu üzvlük statusunu itirən yeganə ölkədir. Ötən ilin payızında isə Azərbaycan yenə qurumda qeyri-aktiv ölkə kimi saxlanıb.