NİDA Vətəndaş Hərəkatı üzvünün şikayəti qəbul edilməyib

Bu gün, fevralın 14-ü Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının fəalı Rəhim Şahkamal oğlu Vəliyevin yaşadığı evdə qanunsuz axtarış və götürmə aparılmasından verilən şikayətə baxıb.
Abzas.net xəbər verir ki, bu barədə gənc fəalın vəkili Elçin Sadıqov məlumat yayıb.
“Məhkəmə şikayəti gözlənildiyi kimi təmin etmədi və bu qərardan apellyasiya şikayəti verəcəyik” – vəkil qeyd edib.
Rəhim Vəliyevin axtarış zamanı evindən kompüter və telefonu götürülüb. O, vəkili Elçin Sadıqov vasitəsi ilə bir müddət əvvəl ictimaiyyətə bildirmişdi ki, Nərimanov Rayon Polis İdarəsində və 18-ci polis bölməsində saxlanarkən işgəncələrlə üzləşib.
Ancaq, onda gəncin göndərdiyi məktubda yer alan bu iddialara nə Nərimanov Rayon Polis İdarəsindən nə də 18-ci polis bölməsindən münasibət bildirilmişdi. Gəncin şikayətinə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən də münasibət almaq mümkün olmamışdı.