Ötən ay 1446 əcnəbi Azərbaycandan çıxarılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən yanvar ayı ərzində 1667 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
DMX-dan Abzas.net-ə verilən məlumata görə, onlardan 17-nin müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 204 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1121 əcnəbinin ölkə ərazisini 48 saat ərzində tərk etmələri, 325 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ay ərzində Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 6902 müraciət daxil olub. Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 49107 əcnəbinin müraciəti qeydə alınıb.