R.Abdullayevə reaksiyalar: “Ümumiyyətlə reallıqdan uzaq proqnozdur”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Natural Gas World” (NGW) jurnalına müsahibə verib. 
Müsahibəsində R.Abdullayev bildirib ki, Azərbaycan bir əsrdən çox müddət ərzində qabaqcıl neft ölkəsi kimi tanınsa da, hazırda təbii qaz satışından əldə olunan gəlirlər neft ixracına çatmaqdadır:
“Neft-kimya məhsullarının ixrac payı artmaqda davam etsə də, 2020-ci illərin ortalarında Azərbaycanın dövlət xəzinəsinə qazdan daxil olacaq gəlirlər neft gəlirləri ilə bərabərləşəcək. Azərbaycan 2021-ci ilədək “Şahdəniz” yatağının ikinci fazasından qaz ixracına hər il 16 mlrd. kubmetr əlavə etməyi planlaşdırmaqla yanaşı, xüsusilə ölkədən kənarda neft-kimya, neft emalı, boru kəməri və LNG (mayeləşdirilmiş təbii qaz-Liquified Natural Gas) layihələrini genişləndirməyə də davam edir.
2020-ci ildən sonra neft gəlirləri azalacaq, hasilat kəskin aşağı düşəcək
Abzas.net-ə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, əslində bu gün qaz gəlirlərinin neft gəlirlərinə çatmasıyla bağlı deyilən fikir kökündən yanlışdır. Çünki belə bir şey yoxdur. Azərbaycan büdcəsinin formalaşmasına baxanda da, ticarət dövriyyəsinə baxanda neftdən gələn vəsaitlə qazdan gələn vəsait arasında 10 dəfələrlə fərq var. Qazdan gələn vəsait kifayət qədər kiçik məbləğdir.
“Bundan başqa 20-ci illərdə qazdan gələn vəsaitin neftdən gələn vəsaitə çatması o demək deyil ki, indiki səviyyələrdə gələn gəlirlər olacaq, qaz gəlirləri ondan daha çox olacaq. İkibaşlı cümlədir bu əslində. 2020-ci ildən sonra neft gəlirlərinin kəskin azalması olacaq, çünki hasilat kəskin aşağı düşəcək. Neft gəlirlərinin azalması fonunda qazdan gələn vəsaitin üstün olması ehtimalı var. Amma bu o demək deyil ki, indiki səviyyədən artıq olacaq”, deyə ekspert bildirib.
Neftdən gələn gəlirlər milyardlara yox, yüz milyonlara düşə bilər
Natiq Cəfərli
Natiq Cəfərli deyib ki, Azərbaycan indiki qiymətlərlə bu il neftdən təqribən 6 mlrd. dollara yaxın gəlir götürəcəksə,  2020-ci illərin ortalarında neftdən gələn gəlirlər milyardlara yox, yüz milyonlara düşə bilər. Qazdan gələn gəlirin artıq olması o zaman baş verə bilər ki, neft gəlirləri kəskin aşağı düşsün. Yəni bu anlamda iki başlı bir cümləyə oxşayır.
“Ancaq qaz gəlirlərinə gəldikdə isə hesablama var, məntiq var… Azərbaycanın 20-ci ildən sonra Avropaya satacağı qazın həcmi aşağı-yuxarı bəllidir. Təqribən 10 mlrd. kubmetr Avropaya, 6 mlrd. kubmetrə yaxın Türkiyəyə, 1.5 mlrd. kubmetr civarında Gürcüstana qaz satacağıq. Yəni toplamda 17-18 mlrd. kubmetr qaz satma potensialımız var. Qazın qiymətləri neftin qiymətlərinə bağlı olduğundan o da kifayət qədər aşağı düşüb. Avropada iki il əvvəl qazın ortalama qiyməti 430-440 dollar idisə bu gün artıq 200 dollarlara qədər enib. Və bu tendensiyanın da davamı olması gözlənilir”, deyə iqtisadçı əlavə edib.
Ekspert sual edir ki, nəyə görə bizim hörmətli məmular qaz layihələrində də neft layihələrində olduğu kimi əldə olunan gəlirin hamısının Azərbaycana çatmadığını əhaliyə izah etmir? Çünki, bu konsersiumdu, bir neçə şirkətin iştirakı ilə tərtib olunub. Yəni əldə olunan gəlirin bu səpkidə bölünməsi baş verəcək. “Qaz satışından gələn bütün vəsait həmən Azərbaycana çatacaq” demək doğru deyil.
Bunun içərisində hasilatla bağlı maya dəyəri var, həm qoyulmuş vəsaitin geri dönüşünün təmin olunması var, Gürcüstan və Türkiyəyə ödəniləcək tranzit xərcləri var. Bütün bunlar təbii ki, qazdan gələn gəlirlərin kifayət qədər aşağı olacağını indidən proqnozlaşdırmağa imkan verir.
Neftdən gələn gəlir qədər Azərbaycan qazdan heç vaxt gəlir götürməyəcək
Nə vaxt ki, qoyulmuş vəsait tamamilə çıxarılacaq, bu da təxminən 10-15 ilə yaxın zaman alacaq, ondan sonra qaz hasilatından Azərbaycanın payına düşən vəsaitin artması gözlənilə bilər. Amma neftdən gələn gəlir qədər Azərbaycan qazdan heç vaxt gəlir götürməyəcək. Ən yaxşı halda qazdan gələn gəlir 2020-ci ildən sonra yüz milyonlarla ölçüləcək, milyarda çatmayacaq.
Bu sadəcə ictimai rəyə hesablanmış, reallığı əks etdirməyən rəqəmlərdir
İqtisadçı Məhəmməd Talıblı bildirir ki, Azərbaycanın əhəmiyyətli qaz gəlirləri təxminən 2019-cu ildən sonra başlanacaq. Amma bu o qədər də böyük gəlir deyil. TAP, TANAP layihəsilə Azərbaycanın ixrac gücü 16 mlrd. kubmetr səviyyəsində qiymətləndirilir:

“2023-2025-ci illərdə bu 25 mlrd. kubmetr ola bilər. Və nəzərə alaq ki, eyni zamanda dünyada qazın qiyməti aşağı düşməyə doğru gedir. Belə bir vəziyyətdə şübhəsiz ki, Azərbaycanın həm qaz gəlirləri azalır, həm də dünyada qazın qiyməti də bugünki halda yüksək deyil. Eyni zamanda Azərbaycanın qaz ixracatı da böyük deyil. Ona görə də Azərbaycanın bu sahədə qaz gəlirlərinin neft gəlirlərinə çatması ümumiyyətlə yaxın illərdə müzakirə mövzusu ola bilməz. Bu sadəcə ictimai rəyə hesablanmış, reallığı əks etdirməyən rəqəmlərdir”.
Bu proqnoz ümumiyyətlə reallıqdan uzaqdır
İqtisadçı ekspert deyir ki, Azərbaycanın bir tərəfdən həm neft gəlirləri azalacaq, eyni zamanda qaz hasilatı da simvolik bir həddə olacaq ki, bu nəinki yaxın dövr üçün, ümumiyyətlə, Azərbaycanın 2020-ci ildən sonra da, hətta qaz hasilatı yüksəlsə belə, neft gəlirləri səviyyəsində olmayacaq.
“Bu yalnız bir halda mümkün ola bilər ki, dünyada qazın qiyməti fantastik sürətdə arta bilsin. Onda bəlkə hansısa səviyyədən danışmaq olar. Amma indiki halda Azərbaycanın neft və qaz gəlirləri arasındakı heç oxşarlıqdan danışmaq mümkün deyil. Ona görə də mən bu proqnozu ümumiyyətlə bizim reallığa tamamilə uzaq bir proqnoz hesab edirəm”, – deyə M.Talıblı bildirir.
Əvvəlki məqaləTrump tənqidi mediaya qadağa qoydu, addımı etirazla qarşılandı
Növbəti məqalədəAzərbaycanlı mühacir jurnalistlər Gürcüstanda sıxışdırılır