Sayğaclaşmaya etiraz dalğası genişlənir

Deyirlər, “başa düşürsünüz, biz özbaşına gəlməmişik… Prezidentin fərmanı var. Siz istəsəniz də, istəməsəniz də sayğac qoyulmalıdır”. Biz prezidentin fərmanına qarşı çıxmırıq. Sayğaclaşma aparılmalıdırsa, aparılsın. Ancaq əvvəl binaya qaz çəkilsin, bizim elektrikə tələbatımız azalsın, ondan sonra buyursunlar”.
Fevralın 8-də “Ziya Bünyadov prospekti, 30” ünvanında yerləşər yataqxanaya gələn “Azərişıq” ASC-nin fəhlələri binanın işığını sayğaclaşdıracaqlarını bildirincə, köçkünlər buna imkan verməyiblər.

Sayğac quraşdıranları binaya buraxmadıqlarından, onlar çıxıb getməyə məcbur qalıblar.
“Bu qədər insanı qəzalı binada niyə saxlayırlar?”
Eyni vəziyyət Sumqayıtdakı “Şəfa” sanatoriyasında da baş verib. Burada məskunlaşan köçkünlər sayğaclaşma üçün ünvana gələn “Azərişıq” işçilərinin qarşısına, necə deyərlər, “ətdən sipər çəkiblər”.
Sakinlər AzadlıqRadiosu-na bildiriblər ki, yerli qurumlar binanın qəzalı olduğunu əsas gətirərək, qazlaşdırmaqdan imtina edirlər. Köçkün Zəfər İsgəndərov:
“Özləri də təsdiqləyirlər ki, bina qəzalıdır. Yaxşı, bu qədər insanı qəzalı binada niyə saxlayırlar? Nəyi gözləyirlər? Qəzalıdır, köçürt, özümüz gün görmədik, heç olmasa balalarımız normal evdə yaşasınlar. 30 ilin tamamına az qaldı ki, bu qəzalı binada sürünürük, yaşamırıq. Onsuz da həyatımız bərbad vəziyyətdədir, indi də gətirib sayğac quraşdırırlar. Əlimdə iki diplomum, gəl ki iş yox… 4 uşağa baxım, həm də ayda 300-400 manat işıqpulu verim?”.
“Azəriqaz” ASC bu binaları qazlaşdıra bilmir. Səbəb binaların qəzalı vəziyyətdə olmasıdır. İcra hakimiyyətləri də köçkünlər köçürülmədiyindən, həmin binaları sökə bilmir.
İşıqpulu qəbzi. 08fev2017
Prezident: “yaxın bir ay ərzində vəsait ayrılacaq”
“Azərbaycanda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda köçürülmə məsələsinə toxunan prezident İlham Əliyev bildirib ki, bundan ötrü qəsəbələrdə fərdi evlər tikilməlidir: “Çünki o qəsəbələrdə artıq infrastruktur var. Tapşırıq verilib ki, bu il yataqxanalardakı məcburi köçkünlərin köçürülməsinə başlanılsın. Bu il və qarşıdakı illərdə vəsait ayrılacaq ki, yataqxanalardakı məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılsın. Yaxın bir ay ərzində vəsait ayrılacaq”.