Trump ABŞ-ın nüvə arsenalını genişləndirmək niyyətindədir

ABŞ prezidenti Donald Trump Vaşinqtonun lider mövqeyini nümayiş etdirmək üçün ölkənin nüvə arsenalını genişləndirmək niyyətində olduğunu bəyan edib.   
APA-nın xəbərinə görə, Tramp bunu “Reuters”  agentliyinə müsahibəsində bildirib.
Onun fikrincə, ABŞ hazırkı nüvə potensialı ilə xeyli geridə qalıb. Trump ölkəsinin konkret hansı ölkədən geri qaldığını dəqiqləşdirməyib.
“ABŞ-ın nüvə sahəsində heç kimdən geri qalmaq fikri yoxdur, biz də, başqaları kimi,  potensialımızı genişləndirəcəyik”. Bunu isə, Trump’ın nüvə arsenalının genişləndirilməsi bəyanatına şərh verən Ağ Evin mətbuat katibi Sean Spicer deyib.
“Trump açıq şəkildə bəyan etdi ki, ABŞ bu sahədə üstünlüyü heç kimə verməyəcək. Əgər digər ölkələr nüvə potensialına malikdirlərsə, bu sahədə üstünlük ABŞ-da olacaq”, – deyə Spicer qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, “Vaşinqton əslində buna heç də can atmır”. O qeyd edib ki, “Reuters”ə müsahibə zamanı Trump’a verilən sual başqa ölkələrin nüvə arsenalının genişləndirilməsi ilə bağlı olub: “Bizim məqsədimiz – Amerikanın bu sahə üzrə bütün dünyada üstünlük saxlamasına əmin olmaqdır. Əgər digər ölkələr nüvə potensialını artırırsa, biz buna sakitcə kənardan baxmaq niyyətində deyilik və buna yol verməyəcəyik”  , – deyə Spicer qeyd edib.