Trump-dan Çin prezidentinə təşəkkür məktubu

Ağ Evdən edilən yazılı açıqlamada Trump-ın 20 yanvarda vəzifəyə başlaması ilə əlaqədar özünə təbrik məktubu göndərən Çin prezidenti Xi Jinping-ə cavab olaraq təşəkkür məktubu göndərdiyi qeyd edilib.
Açıqlamada, “Prezident Trump, həm ABŞ-ın, həm də Çinin xeyrinə olacaq quruluşçu əlaqələri inkişaf etdirmək üçün prezident Xi ilə birlikdə çalışmağı səbirsizliklə gözlədiyini dilə gətirib”, – deyə vurğulanıb. Əlavə olaraq, Trump bütün Çin xalqını qarşıdan gələn bayramları münasibətilə də təbrik edib.
Beləliklə, Trump Xi Jinping ilə ilk dəfə birbaşa təmas qurmuş oldu.
“Sputnik” agentliyinin məlumatına görə, Trump-ın Rusiya Dövlət Başçısı Vladimir Putin, Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Meksika Dövlət Başçısı Enrique Pena Nieto ilə telefonla danışdığı halda, Çin prezidentinə məktub göndərməsi isə diqqət çəkib.
Çin Trump-ın göndərdiyi təşəkkür məktubunu məmnun halda qarşılayıb. Çin Xarici İşlər Nazirliyinin mətbuat  sözçüsü Lu Kang gündəlik adi mətbuat konfransında, Trump-ın təşəkkür məktubunu aldıqlarını ifadə edərək, “ABŞ prezidentinin, Çin liderini və xalqını ənənəvi bayram ilə əlaqədar təbrik etməsini yüksək səviyyədə qarşılayırıq”, deyə bildirib.
“İkili əlaqələrin inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiklərini” dilə gətirən Lu, “Çin və ABŞ-ın dünya sülhü, sabitliyi və rifahı adına xüsusi məsuliyyətlər boynuna götürdüyünü” ifadə edib.
Seçki kampaniyası dövründə və prezident seçildikdən sonra bir çox dəfə ABŞ ilə Çin arasındakı ticarət və iqtisadi əlaqələrin inkişafından narahat olduğunu ifadə edən Trump-ın yeni dövrdə Pekin rəhbərliyi ilə necə bir əlaqə quracağı maraqla gözlənilir.