Trump qızına görə Nordstrom-a etdiyi hücuma görə qınanılır

Demokratlar prezident Donald Trump-ın, qızının geyim kolleksiyasını ləğv edən geyim dükanına hücum tviti atmasını qınayıb.
Cənab Trump yazıb ki, Nordstrom geyim dükanı “İvanka ilə ədalətsiz rəftar edib”.
Demokrat senator bu paylaşımı “uyğunsuz” və Ağ Evin sabiq etika mütəxəssisi isə “təhqiredici” adlandırıb.
Ayın əvvəlində Nordstrom az satış səbəbindən İvanka Trump-ın geyim kolleksiyasını satmaqdan boyun qaçıran beşinci şirkət olub.
Bu, Trump məhsullarına qarşı başlamış etiraz aksiyasından sonra baş verir. #GrabYourWallet həşteqi ilə başlanan aksiya cənab Trump-ın qadın bədəni haqqında 2005-ci ildə dediyi şərhlərə etiraz olaraq keçirilir.
Pennsylvania senatoru Bob Casey-ın sözçüsü deyib ki, senator “prezidentin onun ailəsini qazandırmaq istəməyən özəl şirkətə belə hücumunu qeyri-etik və uyğunsuz hesab edir”.
Prezident Barack Obama zamanında etika mütəxəssisi çalışmış Norm Eisen onun hərəkətini “təhqiredici” adlandırıb və Nordstrom-a cənab Trump-ı Kaliforniya Ədalətsiz Rəqabət Qanununa əsasən məhkəməyə verməyi məsləhət görüb.
Ağ Ev-in sözçüsü Sean Spicer bildirib ki, Nordstrom-un qərarı siyasidir və prezident sadəcə onun qızına “hücuma” cavab verib.
Nordstrom isə bildirib ki, qərar brendin satışları ilə əlaqəli olub.
“Mənim qızım İvanka @Nordstrom tərəfindən ədalətsiz rəftara məruz qalıb. O əla insandır- hər zaman məni düz şeylər etməyə sövq edir! Dəhşət!”
Trump tvitini ilk olaraq @realDonaldTrump hesabından paylaşıb, sonra isə tvit rəsmi prezident hesabından (@POTUS) paylaşılıb.