Trump viza qadağası hökmü barədə apelyasiya şikayəti verib

ABŞ ədliyyə departamenti prezident Trump-ın əsasən müsəlmanlardan ibarət 7 ölkənin vətəndaşlarının ABŞ-a gəlməsini qadağan edən fərmanını ləğv edən məhkəmə qərarı barədə apelyasiya şikayəti verib.
Bununla prezident administrasiyası cümə günü Washington ştatında federal hakimin verdiyi qərarı aradan qaldırmaq istəyir.
Cənab Trump-ın keçən həftə imzaladığı qadağa fərmanı ABŞ aeroportlarında qalmaqal yaradıb və kütləvi etirazlara səbəb olub.
Şənbə günü Washington, Miami, digər ABŞ şəhərləri və bir neçə avropa paytaxtında etiraz aksiyaları davam edib.
London, Paris, Berlin, Stokholm və Barselonada minlərlə insan etiraz aksiyalarında iştirak edib.

Cənab Trump-ın tərəfdarları fərmanı ləğv edən hökmə etiraz ediblər
Bəzi ABŞ şəhərlərində Trump tərəfdarları fərmanı dəstəkləyən aksiyalar keçiriblər.
Cənab Trump-ın fərmanı qüvvəyə mindikdən sonra təxminən 60 min viza ləğv edilib.
Lakin hakim Robart-ın qərarı fərmanın icrasını müvəqqəti olaraq dayandırıb.
Hakim Washington və Minnesota ştatlarının fərmana qarşı şikayətlərinin uğurlu olacağını düşündüyünü bildirib.
İki ştatın vəkilləri fərmanın konstitusiyaya zidd olduğunu iddia ediblər.
Onlar həmçinin qərarın müsəlmanları hədəflədiyini iddia edərək fərmanın din azadlığı hüququnu pozduğunu deyiblər.
Cənab Trump hakim Robart-ın qərarını “cəfəng” adlandırıb və qadağanı bərpa etməyə vəd edib.
Bu qərara əsasən Sudan, Yəmən, Liviya, Somali, İraq, İran və Suriya vətəndaşları 90 gün ərzində ABŞ-a daxil ola bilməz.
O, həmçinin suriyalı qaçqınların ölkədə yerləşdirilməsi üzrə proqramın qeyri-müəyyən müddətə dayandırılmasını nəzərdə tutur.
Başqa ölkələrdən qaçqınların qəbulu isə 120 gün müddətinə dayandırılır.