Vergilər Məcəlləsinə dəyişikliklərin dəyişdirilməsi istənilir

Vergilər Nazirliyi idarəsi
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Vergilər Məcəlləsinin torpaqların sadələşdirilmiş vergiyə cəlb edilməsi hissəsində müəyyən dəyişikliklər edilməsini zəruri sayır.
Abzas.net xəbər verir ki, təşkilat yanvarın 1-dən qüvvəyə minmiş yeni tələblərdə korrupsiya riski olduğu qənaətindədir.
“Həmin dəyişikliklərə əsasən, təyinatı üzrə istifadə edilən, irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməyən kənd təsərrüfatı torpaqları üzrə vergi dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilib. Digər kənd təsərrüfatı torpaq sahələrinin vergi dərəcəsi hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilib”, təşkilatın məlumatında bildirilir.
“Şəffaflıq Azərbaycan” hesab edir ki, bu, yerli icra hakimiyyəti orqanına təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının sahibləri ilə “razılığa gəlmək” imkanı yaradır. Bunun aradan qaldırılmasından ötrü torpağın keyfiyyəti və təyinatı üzrə elektronlaşdırılmış mexanizmin tətbiqi zəruri sayılır.
“Bundan başqa, bir çox kəndlilər sadə səbəbdən – zəruri vəsait olmadığı üçün torpaqdan istifadə edə bilmir. Yüksək vergi isə kasıblaşma ilə nəticələnir”, təşkilat qeyd edir.
2016-cı ilin dekabrında Vergi Məcəlləsinə 100-dən artıq dəyişiklik edilib. Həmin dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib.
Dəyişikliklər əsasən avtomobillərin aksiz dərəcələrinin hesablanması qaydası, vergi inzibatçılığı, ödəyicilərin hüquqları və vergi yükünün tənzimlənməsi ilə əlaqədardır.