XİN: “Qarabağdakı referendum təxribatdır”

“Xarici İşlər nazirliyi (XİN) Azərbaycan ərazilərində Ermənistanın yaratdığı qeyri-qanuni rejimi təcavüzün mütləq nəticəsi olduğunu bir daha bəyan edir”
Abzas.net xəbər verir ki, Azərbaycan XİN-in bəyanatında belə yazılıb.
Bəyanatda qeyd edilir ki, fevralın 20-də Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsinin planlaşdırması qəbul edilməyəcək: “Bu təxribatçı addımdır. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdlər Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir”- bəyanatda vurğulanır.
Sənəddə bu addım Ermənistanın nəzarətində olan ərazilərin, demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirməsi kimi dəyərləndirilir.
XİN hesab edir ki, bu, Ermənistanın regional və beynəlxalq sülhə, təhlükəsizliyə xələl gətirdiyi, onu təhlükə altına qoyduğu anlamına gəlir
XİN bəyan edir ki, nəzərdə tutulan “referendum” Azərbaycan Konstitusiyası, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır. Bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz.