Kabildə hospitala hücum nəticəsində 30-dan çox insan ölüb

Əfqanıstan təhlükəsizlik qüvvələri saatlarla davam edən atışmadan sonra Kabildə hərbi hospitala hücum edən silahlıların hamısını məhv edib.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında hospitala 5 silahlı hücum çəkib.
Silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq hospitalın girişində partlayış törədib. Digər 4 silahlı həkim xələtində hospitala daxil olub. Əfqanıstan Daxili İşlər Nazirliyi artıq əməliyyatın tam başa çatdığını, hospitaldakı silahlıların hamısının öldürüldüyünü açıqlayıb.
Hospitala hücum nəticəsində 30-dan çox insan ölüb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.