ABŞ viza üçün müraciət edənlərin sosial media hesablarını yoxlayacaq

ABŞ səfirlik və konsulluqlarının əməkdaşları Dövlət Departamentindən viza üçün müraciət edən bəzi şəxslərin sənədlərindən əlavə sosial mediadakı hesablarına da baxmaq təlimatı alıb. 
Associated Press agentliyinin verdiyi məlumata görə, yoxlama müraciətçinin terroristlərlə əlaqəsi şübhəsi olduğunda və ya “İslam Dövləti”nin nəzarəti altındakı ərazilərdə olduğu halda həyata keçiriləcək.
Təlimat həmçinin, yoxlanması lazım olan digər “müəyyən qrupların” identifikasiya kriteriyalarını da açıqlayır.
Qeyd edək ki, martın əvvəlində prezident Donald Trump miqrantlarla bağlı yeni fərman imzalayıb. Sənədə görə, ABŞ-a gəlməsinə müvəqqəti qadağa qoyulanlar Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarıdır. Siyahıdan İraqın çıxarılma səbəbi isə İraq hakimiyyət orqanlarının ABŞ-la sərhəd nəzarətində “əməkdaşılığı artırmaq” ilə əlaqədar razılığa gəlməsidir.
Buna baxmayaraq, qaçqınların qəbulu ilə bağlı giriş və məhdudiyyətlər qadağasının müddəti dəyişməz qalıb – 90 gün və 120 gün.