Asif Yusiflinin cəzası azaldıldı

Asif Yusifli
Martın 2-də Ali Məhkəmə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin cəzasını 6 ildən 5 ilə endirib.
Yusiflinin həbsinin qalan hissəsindən azad edilməməsi barədə məhkəmə qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilmişdi.
AzadlıqRadiosu-nun məlumatına görə, Cinayət Məcəlləsində edilmiş dəyişiklikdən sonra Nizami Rayon Məhkəməsi Asif Yusifliyə ittihamı məcəllənin 178.3 maddəsindən 178.2-ci maddəsinə dəyişib. Məhkəmədə Qarabağ əlili olan A.Yusiflinin cəzaçəkmə rejimi dəyişdirilib, ancaq barəsindəki hökm əvvəlki kimi saxlanıb. Vəkilləri bunu ədalətli hesab etməyib, hökmün dəyişdirilməsini istəmişdilər. Ancaq Bakı Apellyasiya Məhkəməsi onların bu istəyini rədd etmişdi.
A.Yusifli 2014-cü il noyabrın 25-də fırıldaqçılıq (178-ci maddə) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanıb. İttihamnamədə bildirilir ki, iş üzrə zərərçəkmiş Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova çatdırmaqdan ötrü A.Yusifliyə 6 min 500 manat verib.
Məhkəmə prosesi zamanı Rafiq Hüseynov etiraf edib ki, pulu alıb və A.Yusiflinin burada təqsiri yoxdur. Zülfüqarova da ziyanın ona ödənilməsi ilə əlaqədar şikayətdən imtina edib.
Lakin 2015-ci il iyulun 30-da A.Yusifli fırıldaqçılıqda və sənədləri saxtalaşdırmaqda təqsirli bilinib və 7.5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan apellyasiya məhkəməsi bu hökmü qüvvədə saxlayıb.
Azərbaycan Ali Məhkəməsi 2016-cı il mayın 4-də Asif Yusiflinin kassasiya şikayətinə baxıb və cəza müddətini 6 ilə endirib.
A.Yusifli ittihamı qəbul etmir, bunu siyasi sifariş sayır.