Azərbaycan Rusiyaya şərab ixracını artıra bilər

Yaxın zamanlarda Azərbaycan Sankt-Peterburqa şərab ixracına başlaya bilər.
Trend-in məlumatına görə, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov bildirib ki, Azərbaycan tərəfi yerli məhsulda maraqlı olan Sankt-Peterburq şirkəti ilə əlaqə yaradıb. O, ixracla bağlı danışıqların aprel ayında başlaya biləcəyini bildirib.
E.Mədətov vurğulayıb ki, 2017-ci ilin birinci rübündə şərab ixracı ötən ilin eyni dövrü ilə müqayisədə yüksək olacaq: “Bu ilin əvvəlində ötən ildən fərqli olaraq sifarişlərin sayı artıb”.
Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycan şərabının əsas ixrac bazarı Rusiya və Çindir: “Biz indi həmçinin, Belarus və Litvaya şərab tədarük edirik və Avropa, Afrika və Şimali Amerika bazarlarına da yönəlmək niyyətindəyik”.
Qeyd edək ki, Azərbaycan şərabları “Made in Azerbaijan” brendi ilə xaricdə satışa çıxarılır.